Siyasət 21 Dekabr 2023, 17:14 | Baxış sayı: 206
“Cənab İlham Əliyev seçkidə 90 faizdən çox səs toplayacaq”

“Prezident İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamla 2024-cü ilin 7 fevral tarixi üçün növbədənkənar prezident seçkiləri təyin edilib. Bu addım həm hüquqi, həm siyasi baxımından tamamilə legitimdir. Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsi və eyni zamanda Seçki Məcəlləsinin 179-cu maddəsi ölkə rəhbərinə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyəti verir. Məsələnin siyasi legitimliyinə gəldikdə isə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təcrübəsi dünyada geniş yayılıb”.

Bu barədə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Təftiş komissiyasının və Milli Məclisin insan hüquqları komitəsinin üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

Millət vəkili qeyd edib ki, ATƏT-in 56 ölkəsinin 33-ündə ümumi, bərabər seçkilər və eyni zamanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müvafiq bəndlər öz əksini tapıb. Deputatın sözlərinə görə, qonşu Mərkəzi Asiya ölkələrindən 2021-ci ildə Türkmənistanda və Qırğızıstanda, 2022-ci ildə Qazaxıstanda, 2023-cü ildə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. E.Nəsirov deyib ki, zərurət olacağı təqdirdə növbədənkənar prezident seçkilərinin keçirilməsi məntiqlidir və burda qeyri-adi heç nə yoxdur.

Seçki prosesinə gəlincə, millət vəkili vurğulayıb ki, dekabr ayının 15-də YAP İdarə Heyətinin genişləndirilmiş iclasında ölkə prezidenti cənab İlham Əliyev hakim partiyanın vahid namizədi olaraq, prezident seçkilərinə namizədliyi irəli sürülüb: “Bu prosesin ardınca siyasi partiya və vətəndaş cəmiyyəti institutu təmsilçisinin namizədliyi irəli sürülüb və prezidentliyə namizədlərin ümumi sayı altıya çatdırılıb. Lakin özünü müxalifətin lideri kimi təqdim etməyə çalışan, əslində isə müxalifətin radikal kəsimini təşkil edən Azərbaycan Xalq Cəbhəsi Partiyası öz qurultayında və Müsavat Partiyası İdarə Heyətinin toplantısında seçkiləri boykot etmək, seçkilərdə iştirak etməmək niyyətlərini ortaya qoyublar. Sual yaranır ki, nə üçün onlar bu yolu seçiblər. Bu sualın cavabını tapmaq o qədər mürəkkəb məsələ deyil. Əvvəla qarşılarında müzəffər bir prezident görürlər. O prezident ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam qəti və əbədi təmin edib. Azərbaycan xalqı öz prezidentini Milli Qəhrəman kimi görür. Onunla şərəf duyur, qürur hissi keçirir. Gələcək nəsillər də bu dövrü xatırladıqda eyni hissləri keçirəcək və onlar da cənab İlham Əliyevlə fəxr edəcəklər. Belə bir vəziyyətdə radikal müxalifət təmsilçiləri hesab edirlər ki, onlar üçün biabırçı məğlubiyyət labüddür. Bu gün müxtəlif qiymətləndirmələrə görə Azərbaycan prezidentinin reytinqi 90 faizin üzərindədir. Yəni seçkilərdə 90 faizdən daha çox səs toplayacağı şübhə doğurmur”.

Deputat E.Nəsirov bildirib ki, radikal müxalifət liderlərinin seçkilərə qatılacağı təqdirdə sıfır faizdən bir az çox səs toplayacaqları istisna deyil: “Belə olan vəziyyətə onlar seçkiyə gedib rüsvay olmaqdansa, boykot qərarı verir, fon yaradırlar ki, onlar seçkilərə özləri qatılmırlar, guya bunun üçün münbit şərait yoxdur, obyektiv, şəffaf seçkilər keçirilməyəcək və sair. Bunlar hamısı bəhanədir. Sadəcə biabırçı məğlubiyyəti çox dəqiq hesablayırlar. Bu hesablamalarla razılaşmamaq mümkün deyil. Yeganə səbəb budur. Başqa heç bir səbəb yoxdur. Heç bir sosial bazaya malik deyillər, Azərbaycan xalqı onları qəbul etmir. Xalqımız onları tarixin arxivinə atıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğu reallıqda prezident-xalq-ordu sözləri sinonimləşib və tarixi qələbəmizin simvollarına çevrilib. Bu səbəbdən xalq dedikdə prezident, prezident dedikdə xalq, ordu yadda düşür. Həmçinin ordu dedikdə də prezident yadda düşür. Bu bir reallıqdır və bu reallığı radikal müxalifət də hesablaya bilir. Bu vəziyyətdə hesab edirlər ki, ən yaxşı yol boykotdur. Lakin unudurlar ki, Azərbaycan xalqı onların özünü çoxdan boykot edib”.

medianews.az

Xəbərlər