Cəmiyyət 18 Dekabr 2021, 15:01 | Baxış sayı: 206
“Cəmiyyətin içindəki sorğu-sual götürülməlidir”

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bir qrup hərbçinin işgəncələr nəticəsində ölümünə və digər ağır nəticələrə səbəb olmuş “Tərtər işi”nin yenidən araşdırılacağını bəyan edib.


“Günahlarların arasında general da, polkovnik də ola bilər”
 

Milli Məclisin deputatı Aqil Abbas-ın sözlərinə görə, ortada ciddi faktlar var ki, işi yenidən araşdırmaq istəyirlər:


“4 ildi “Tərtər işi”nin söhbəti gedir. Amma əsl həqiqət ortaya çıxmayıb. İndi buna görə yenidən həmin işə qayıdıblar. Axtarırlar, tapacaqlar, istintaq  gedəcək. Ən güclü və təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb. Yəqin ki, həqiqəti üzə çıxaracaqlar”.


Deputat qeyd edib ki, məsələylə bağlı ölkə Prezidenti, Ali Baş Komandanın  tapşırığı varsa, yəqin bütün günahkarlar üzə çıxacaq:


“Kim orada günahkardı, günahkar deyil, bütün bunları istintaq işini bitirəndən sonra biləcəyik. Onların içində general da, polkovnik də ola bilər. Bunu iş tam araşdırılandan sonra biləcəyik”, deyə deputat vurğulayıb.


“Cəmiyyətin içindəki sorğu-sual götürülməlidir”
 

Milli Məclisin digər deputatı Sabir Rüstəmxanlı qeyd edib ki, Baş Prokurorluq çox düzgün addım atıb.


Deputat deyir ki, bu məsələ cəmiyyətdə çox ciddi narahatlıq yaradıb:
“Hamımızın içində bir ağrı, çoxlu sual var. Orada əzab çəkən, incidilən insanların taleyi bizi narahat edir. Bu hadisəni kim törədib, bu nə ssenaridir, başında kim dayanıb, niyə bizim ordumuzun tarixində  belə faciəvi hadisə baş verib? Bu suallar açılmalıdır. Çox şeyləri bilmədiyimiz üçün sözümüzü deyə bilmirik. Dərindən bilmədiyim, özümə tam aydın olmayan məsələlər haqqında rəy bildirə bilmirəm. Hər halda bu məsələ açılmalıdır və bütün günahkarlar cəzalarını çəkməlidilər. Məsələ indiki yerində qala bilməz”.


Deputat qeyd edib ki, cəmiyyətin içindəki sorğu-sual götürülməlidir:
“Bu son dərəcə vacibdir. Rəsmi qurumların qərarı bizim üçün, Azərbaycan ordusunun nüfuzu üçün, Azərbaycanın rəsmi dairələrinin məsələyə ciddi yanaşdığını göstərmək üçün son dərəcə vacibdir”.
S.Rüstəmxanlı bildirb ki, Baş Prokurorluq bu işə başlayıbsa, hansı səviyyədə olmağından asılı olmayaraq, günahı olan cəzalanacaq.

Xəbərlər