Cəmiyyət 26 Yanvar 2024, 14:28 | Baxış sayı: 163
"Cəbrayılla bağlı məlumatların da heç bir əsası yoxdur, Baş plana ölkə rəhbərliyi də baxıb"

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov işğaldan azad olunan Cəbrayıl şəhərində tikilən yaşayış binalarının vizual görüntüsünün sosial şəbəkələrdə narazılıqla qarşılanmasına münasibət bildirib. 

 

Deputat açıqlamasında təəssüflə deyib ki, həm daxili, həm də xaricdən olan bəzi qüvvələr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə kölgə salmağa çalışırlar: “Bu mənada, Cəbrayılla bağlı məlumatların da heç bir əsası yoxdur. Mən özüm orada olmuşam. Beynəlxalq mütəxəssislər Cəbrayıl şəhərinin Baş planının icrasına cəlb olunublar, üzərində dəfələrlə işlənilib. Ölkə rəhbərliyinə də təqdim edilib, ölkə rəhbərliyi bu sənədə baxıb. Bu kimi məlumatlar heç də təsadüfi deyil. Düşünürəm, seçkiqabağı təxribatların növbəti seriyasıdır. Plan üzrə Cəbrayılda tikinti gedir, bu cür də davam edəcək. Biz konkret plan əsasında şəhər tikirik. Kənardan elə təsir bağışlaya bilər ki, sanki evlər iç-içə tikilib. Xeyr, bu cür tikilməyib. Hər bir detal ciddi formada planlaşdırılıb. Qoy vətəndaşlarımız da, sakinlərimiz də narahat olmasınlar. Çünki narahatlıq üçün heç bir əsas yoxdur. Vətəndaşların hər biri əmin olsun ki, dövlətimiz üzərinə düşən addımları atır, lazım olan tədbirləri həyata keçirir. Söhbət düzgün formada tikinti, quruculuq və abadlıq işlərindən gedir. Birinci partiyada binaların tikilməsi nəzərdə tutulub. Gələcəkdə, sonrakı dövrdə, əlbəttə ki, fərdi yaşayış evlərinin də tikilməsi nəzərdə tutulur. Buna görə də belə məsələlərə hər birimiz həssas və diqqətli yanaşmalıyıq. Hər kəs belə paylaşımlarla dövlətin həyata keçirdiyi siyasətə kölgə salmaqdan çəkinməli, öz vətəndaş mövqeyini düzgün ifadə etməyi bacarmalıdır. Biz indi ciddi addımlar atırıq, yeni şəhər salırıq, böyük layihələri icra edirik. Bu siyasətə yalnız dəstək olmaq lazımdır. Baxın, milyardlarla pul xərclənir. Bunları görməzlikdən gəlmək ən azından nankorluqdur”. 

Xatırlatma: Cəbrayıl şəhərinin Baş planını  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor LLP” şirkəti hazırlayıb. Baş planının hazırlanması üçün “Chapman Taylor” şirkətinə 3 milyon 644 min 888 manat 89 qəpik ödənilib. 

pravda.az

Xəbərlər