Siyasət 5 Avqust 2022, 16:54 | Baxış sayı: 269
Cəbhə xəttində baş verənlərə deputatlardan münasibət

Son bir neçə gündür ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər gərgin olaraq qalmaqda davam edir. Cəbhə xəttində baş verənlər cəmiyyətin müxtəlif nümayəndələrini düşündürdüyü kimi həm də deputatların fikir bildirdiyi əsas mövzuya çevrilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas cəbhə xəttində baş verən hadisələri qiymətləndirərkən "Meclis.info"ya açıqlamasında söyləyib ki, Azərbaycan tərəfi keçirdiyi əməliyyatlarda haqlı mövqedən çıxış edir. Deputatın fikrincə, rus və qərb imkan verdiyi təqdirdə ermənilər geri çəkilməyə məcbur qalacaq: “Ermənistan bilmir Rusiyaya qulaq assın, yoxsa qərbə. İkisi də erməniləri qızışdıran qüvvələrdir. Paşinyan qalıb ortalıqda”. 

Aqil Abbas baş verənlərin sülh danışıqlarını ləngidə biləcəyini də qeyd edib. “Əməliyyatlar davam etdiyi halda bu, müharibəyə gətirib çıxara bilər. Amma lap arxasında Rusiya dayansa da, Ermənistanın bizimlə müharibə eləməyə gücü çatmaz. Çünki vuruşan nə rus əsgəridir, nə də amerika ” - o, sonda əlavə edib. 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev isə hesab edir ki, Azərbaycan silahlı qüvvələri tərəfindən qısa bir müddətdə antiterror əməliyyatı keçirərək nəticələr əldə edilməsi Azərbaycan tərəfinin əməliyyat şəraitinə tam nəzarət etdiyini deməyə əsas verir. Onun qənaətincə, bu kimi insidentlər istənilən halda regionda uzunmüddəti sülhün əldə olunmasına problemlər yaradır: “Azərbaycan qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Sonuncu antiterror əməliyyatları da, məncə, bir xəbərdarlıq xarakteri daşıyır. Əgər Ermənistan verdiyi sözü tutmayıb silahlı birləşmələrini Azərbaycanın ərazisindən tamamilə çıxarmasa, əməliyyatlar, təbii ki, davam edə bilər”. 

Naqif Həmzəyev Ermənistanın ən qısa müddətdə Laçın şəhəri və ətraf ərazilərini Azərbaycana təhvil verməli olduğuna da diqqət çəkib: “Zaman gələr ki, Ermənistan heç bir kəsə lazım olmaz. Əgər bunu görmək istəmirlərsə, Ermənistan rəhbərliyi ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalamalı, kommunikasiya xəttlərinin açılmasını tezləşdirməlidir”. 

Xatırlatma

Müdafiə Nazirliyinin avqustun 3-ü verdiyi məlumata görə, Azərbaycan ordusu bölmələrinin mövqeləri Laçın rayonu istiqamətində intensiv atəşə tutulub, nəticədə Azərbaycan tərəfi itki verib.  Məlumatda bildirilir ki, erməni silahlı dəstələri Qırxqız yüksəkliyini ələ keçirməyə, orada yeni döyüş mövqeləri qurmağa cəhd göstərib: “Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində isə Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. 

 

Meclis.info

Xəbərlər