Siyasət 16 Fevral 2023, 14:32 | Baxış sayı: 115
“Çavuşoğlu Mirzoyana nə deməli idi, qovmalı idi ki, sən niyə gəlmisən?”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə səfəri müzakirə yaradıb. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Mirzoyanla görüş zamanı “Ermənistan belə çətin gündə həmrəylik nümayiş etdirdi” deməsi Azərbaycanda bəzilərinin narazılığına səbəb olub. Mirzoyanın səfərindən əvvəl Ermənistan dövlətinin Türkiyəyə göndərdiyi xilasedicilərin zəlzələdə zərərçəkənlərin şəxsi zinət əşyalarını qarət etmələri məsələsinə də diqqət çəkilərək bildirilir ki, Azərbaycan Ermənistanla Türkiyənin yaxınlaşmasından məmnun deyil.

 

Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Fazil Mustafa isə Pravda.az-a açıqlamasında deyib ki, buna normal yanaşılmalıdır.

 

Deputat Türkiyənin Yunanıstanla münasibətlərini nümunə gətirib: “Türkiyənin ağır günüdür. Qardaş ölkənin Yunanıstanla da münasibətləri gərgindir. Amma onunla da eyni ritorika ilə danışır. Hansısa erməni xilasedicinin oğurluq etməsinə görə dövlətlərarası münasibətlərin gərginləşməsinin adı yoxdur. Türkiyə Ermənistana bildirə bilər, həmin xilasedicilər Ermənistanda məsuliyyətə cəlb oluna bilərlər. Bütövlükdə Ermənistanın missiya olaraq Türkiyəyə kömək göndərməsini, düşmən ölkə kimi müəyyən baryerləri aşaraq addım atmasını Türkiyə, təbii ki, diplomatik dillə bəyənməlidir. Bunu bizdə niyə bəyənməyiblər, başım çıxmadı. Çavuşoğlu Mirzoyana nə deməli idi? Qovmalı idi ki, sən niyə gəlmisən? Diplomatiyanın öz dili var. Türkiyə özünə görə müstəqil baxış bucağı olan dövlətdir. Zaman göstərdi ki, qardaş ölkə Azərbaycanın maraqlarını heç vaxt kənara qoymadı. Xüsusilə Mövlud Çavuşoğlu, ümumiyyətlə, Azərbaycanın marağından kənara çıxan hansısa addım atacaq insan, diplolmat, dövlət xadimi deyil. Ona görə də şübhələnməyə, yaxud narahatlıq ortaya qoymağa heç bir əsas yoxdur. Türkiyənin Ermənistanla münasibətlərinin hansı formada olması mütləq Azərbaycanın maraqları nəzərə alınaraq da genişlənə bilər”.

Xəbərlər