"Bəzi məhsulların, eləcə də ərzaqların qiymətlərində artım baş verə bilər”.
“Su ehtiyatları ilə əlaqədar bütün dünyada, eləcə də Azərbaycanda ciddi problemlər var. Ona görə də sudan qənaətlə istifadə üçün “Sudan ödənişli istifadə Qaydaları”nda müəyyən dəyişikliklər edilib. Qərarı müsbət qarşılamır, çünki bu, vətəndaşlardan əlavə xərcin çıxmasına səbəb olacaq. Ən əsası isə, sudan istifadə ilə bağlı qaydalar dəyişdiyi üçün bəzi məhsulların, eləcə də ərzaqların qiymətlərində artım baş verə bilər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat bildirib ki, normativ sənədlərə və onların həyata keçirilmə mexanizminə görə məsələ daha aydın olacaq: "İstənilən halda, qərarda göstərildiyi kimi addımlar atılarsa, əlbəttə ki, qiymət artımı qaçılmazdır. Bu, ciddi məsələdir. Vətəndaşlar quyu suyu çəkmək üçün əziyyət çəkirlər, texnika alıb istifadə edirlər və s. Qiymət dəyişikliklərinin buna da aid edilməsi müsbət deyil. Hər-halda sual doğuran məqamlar çoxdur, normativ sənədlər işlənib hazırlanandan sonra daha dəqiq fikir bildirmək mümkün olacaq”.