Cəmiyyət 10 İyul 2021, 13:27 | Baxış sayı: 394
"Bəzi kənd məktəblərimiz vardır ki, tikintilərin istismar müddətinin çoxdan ötməsi səbəbindən həmin kəndlərdə uşaqların təhsil alması mümkün deyildir".

Milli Məclisin deputatı Əminə Ağazadə təmsil etdiyi Kürdəmir rayonu ilə bağlı bəzi məsələləri diqqətə çatdırıb.

Deputat təmsil etdiyi rayon Mərkəzi Aran zonasının suvarma suları ilə ən çox problem yaşadığı rayonlardan biridir. Mövsümi quraqlıq, su mənbələrində suyun səviyyəsinin düşməsi bir çox kəndlərimizdə su ilə əlaqədar çoxsaylı problemlərə səbəb olub və bu məsələ gündən -gunə əhalini daha çox narahat edən bir məsələyə çevrilir: "Rayonun ən çox əhalisi olan Şilyan, Qarasu, Qarabucaq, Pirili kəndlərində su çatışmazlığı səbəbindən fərdi təsərrüfatlar ciddi ziyan görür. Bir müddət öncə rayonun Şilyan kəndində artezian quyusu qazılsa da bu məsələni köklü şəkildə həll etməyə imkan vermir. Bununla əlaqədar müvafiq qurumların bu problemə diqqət ayırmaların xahiş edirəm".

Ə.Ağazadə onu da bildirib ki, dünyanı cənginə alan pandemiya bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də kifayət qədər narahatlıq doğuran hallara səbəb olub: "Təmsil etdiyim Kürdəmir rayonunda təhsilin səviyyəsi son dövrlərdə artan templərlə inkişaf  etməkdədir. Belə ki, ötən təhsil ilində rayon məktəblərini bitirmiş 17 sagird 600 baldan yuxarı nəticə göstərmiş, ali məktəblərə qəbul olunma faizi də müvafiq olaraq yüksəlmişdir. Onu da qeyd edim ki, son dövrlərdə rayonda bir neçə yeni məktəb binası istifadəyə verilmiş, məktəblər ən yüksək standartlara cavab verən avadanlıqlarla təmin edilmişlər.  Lakin bəzi kənd məktəblərimiz vardır ki, yerləşdiklərin binaların qəzalı vəziyyətdə olması, tikintilərin istismar müddətinin çoxdan ötməsi səbəbindən həmin kəndlərdə uşaqların təhsil alması mümkün deyildir. Belə məktəb binalarına rayonun Sovla, Çöhranlı, Axtaçı, Şilyan kənd məktəblərini misal gətirmək olar. Bundan başqa, rayonun şəhər 2 saylı, Məhərrəmli, Ərəbqubalı, Mollakənd, Ərəbxana tam orta məktəblərinin də təmirə ciddi ehtiyacı vardır. Bundan başqa, uzun illərdir ki, Kürdəmir Uşaq İncəsənət məktəbinin binası yarasız vəziyyətdədir. Seçicilərlə görüşlərimdə həmin məktəb binasının yenidən inşa edilməsi haqqında rayon ictimaiyyəti tərəfindən mənə çoxsaylı  müraciətlər daxil olmaqdadır".

Deputat onu da bildirib ki, təhsilin səviyyəsinin normal vəziyyətdə təmin edilməsi üçün rayonlarda olan internet-kommunikasiya sistemlərinin işinə də diqqət edilməlidir: "Kürdəmir rayonunda kənd yerlərində internet əlaqəsinin aşağı səviyyədə olması haqqında dəfələrlə mənə müraciətlər edilir. Rayonun 40-a yaxın yaşayış məntəqəsində ümumiyyətlə hər hansı kommunikasıya sistemi mövcud deyildir. Kənd yerlərində seçicilərlə görüşlərimdə bu məsələ əhalini ən çox narahat edən məsələlərdən biri kimi önə çəkilir. Sadaladığım məsələlərlə bağlı mən müvafiq dövlət qurumlarına dəfələrlə sorğular, müraciətlər etmişəm. Rayonun suvarma sistemləri ilə bağlı "Meliorasiya və su təsərrüfatı" ASC- nin rəhbərliyinə, qəzalı məktəb binaları haqqında Nazirlər Kabinetinə, Təhsil Naziri cənab Emin Əmrullayevə, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Rəşad Nəbiyevə tərəfimdən məktublar ünvanlanıb. Hamımıza yaxşı məlumdur ki, ölkəmiz böyük quruculuq işlərinin astanasındadır. Azad edilmiş torpaqlarımızda həlli vacib olan kifayət qədər problemlərimiz var. Lakin buna baxmayaraq, ümid edirəm ki, təhsil və onun yüksək səviyyədə təmin edilməsi dövlətimiz və onun  müvafiq qurumları qarşısında prioritet məsələ olaraq qalacaqdır". 

Xəbərlər