Cəmiyyət 24 Avqust 2022, 12:44 | Baxış sayı: 176
"Bəxtiyar Hacıyevlərə Azərbaycanda yer ola bilməz".

Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Bəxtiyar Hacıyev kimi dəyərsiz insanların elə Azərbaycandan getməsi lazımdır: “Vətəndaşlıqdan imtina etmək hər bir azərbaycan vətəndaşının konstitusion hüququdur. Burada yaşamırsa, Azərbaycandan gedə bilər. Çünki bunlar insanların həm tərbiyəsinə, vətənpərvərliyinə, azərbaycançılıq ideologiyasına ziyan verən adamlardır. İnsanlar çətinliyə düşə bilərlər, barələrində müəyyən qədər mənfi-müsbət fikirlər olar, ancaq bu insanlar məsələni qanun çərçivəsində həll etməli, münasibət bildirməlidirlər. Bəzi dözümsüz gənclər var ki, onlar haqqında kiçik bir söz deyilən kimi başlayırlar “Azərbaycan vətəndaşlığından imtina edirəm”, “burada mənə təzyiqlər olur” deməyə. Halbuki o, özü dövlətin əleyhinə gedir, dövlətin tutduğu yolla, mövqe ilə yox, onun əksinə hərəkət edir, qanunları pozur. Ona görə də, Bəxtiyar Hacıyevlərə Azərbaycanda yer ola bilməz. Belə gənclərin Azərbaycandan çıxıb getmələri daha yaxşıdır”.

 

Deputat xatırladıb ki, bir neçə il bundan əvvəl müəyyən müxalif qüvvələr qanunu pozub insanları şantaj edir, ya da döyürdülər, cinayət əməli törədirdilər: “Barələrində tədbir görülən kimi deyirdilər ki, Azərbaycanda qayda-qanun yoxdur, təzyiqlər var, vətəndaşlıqdan imtina edirik. Azərbaycan qanunu hər bir vətəndaş üçün eynidir, hər kəs bu qanunlara tabe olmalı, əməl etməlidir. Yoxsa deyirlər “bu, mənəm, istədiyimi edəcəyəm, hansısa imkanlara, səlahiyyətlərə malikəm”. Belə olmaz. Əsl Azərbaycan vətəndaşı olan, birinci ölkəni, xalqı sevən adam hüquqlarını qanun çərçivəsində qorumalıdır. Haqqında, doğrudan da, haqsızlıq varsa, mübarizə aparmalıdır, açıb həqiqətləri deməlidir. Bəxtiyar Hacıyevə nə ediblər ki? O, Azərbaycançılıq, xalqımız haqqında, insanlar haqqında mənfi rəy formalaşdırır. Haqqında bir kiçik tədbir görülən kimi isə deyir ki, Azərbaycan vətəndaşlığından imtina edirəm. Xarici ölkələrə gedəndə də, sözsüz ki, bu yolu tuta bilməzsən. Belə insanlar öyrədilmiş insanlardır, xarici təsirlər altındadırlar, müəyyən yollarla hansısa qüvvələrin təsiri altına düşüblər. Guya xaricə nə üçün gedirlər? Gedib xarici ölkədə qabiliyyətinə, bacarığına görə yaşaya biləcək? Xeyr. Bəziləri xaricdə özlərinə “mətbuat orqanları”, internet televiziyaları yaradıblar. Yaxşı, bütün bunlar nəyin hesabına olur? Deməli, hansısa xarici qüvvələr bunları maliyyələşdirir, istifadə edirlər. Təəssüf edirəm ki, Azərbaycanda belə gənclər də var. Amma Azərbaycan gəncliyi müdrik, ağıllı gənclikdir. Gənclərimizin sıralarında ləyaqətli gənclər çoxdur. Bəxtiyar Hacıyevin arxasınca gedən gənclərin sayı milyonda bir ola bilər. Azərbaycan gənclərinin hünərini, vətənpərvərliyini 44 günlük Vətən Müharibəsində gördük. Bu gün sərhədlərimizin qorunmasında, elmimizdə, idmanımızda da görürük. Ona görə də, Bəxtiyar Hacıyevlərə Azərbaycanda yer ola bilməz. Belə gənclərin Azərbaycandan çıxıb getmələri daha yaxşıdır”.

Mənbə: Pravda.az

Xəbərlər