Səhiyyə 30 Noyabr 2023, 16:34 | Baxış sayı: 271
"Bütün təhsil müəssisələri bağlanmalı, qızılcaya yoluxma sayı tam sıfıra enənə qədər açılmamalıdır"

“Çox həyəcanlı məlumatdır. Artıq qızılcaya yoluxma sayı 200-ü keçib, 2 şagird dünyasını dəyişib. Əvvəllər qızılcaya qarşı peyvəndləmə olurdu. İndi isə statistikanı bilmirik ki, kim uşağını peyvənd edib, kim yox. Bu sahədə maarifləndirmə işi aparılmalıdır. Bütün pediatrlar mobilizə olunmalı, vəziyyət nəzarətə götürülməlidir. Poliklinikalar aktiv işləməlidirlər. Qızılcanın daha geniş yayılmaması üçün uşaqlar evlərində olmalıdır. Ən vacibi isə budur ki, təhsil müəssisələri bağlanılsın. Biz 1 həftə deyirik, amma ola bilsin ki, 1 həftə az müddətdir. Əlbəttə, uşaqların biliyi, təhsili hər zaman vacibdir, amma onların sağlamlıqları təhsildən də öncədir. Çağırış edirəm ki, universitetlər, məktəblər, bağçalar vaxtında bağlansın. Nə qədər sıx təmas olsa, xəstəlik daha tez və sürətlə yayılacaq. Qarşısını almağın bir yolu var - izolyasiya, uşaqların evdə olmaları, profilaktik tədbirlərin görülməsi. Yoluxma sayı tam sıfıra enənə qədər məktəblərin açılmasının tərəfdarı deyiləm. Lazımdırsa, onlayn dərslər keçirilsin. Biz onlayn mərhələni bir dəfə də keçmişik, respublikamızda artıq bu praktika var"

 

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib.

 

Deputat təhsil müəssisələrində fəaliyyət göstərən tibb məntəqələri ilə bağlı problemə də diqqət çəkib: “Bəli, tibb məntəqələri var. Bəs o məntəqələr tibb sahəsində ixtisaslaşıblarmı? Kiminsə burnu qanadısa, peroksid vururlar, əli cızıldısa, leykoplastr yapışdırırlar. Ancaq bu məntəqələrin nə dərəcədə peşəkar işçilərlə təmin olunduqlarını bilmirik. Şübhəsiz ki, mütləq ixtisaslaşmış həkimlər dəvət olunmalıdır. Hansı siniflərdə qızılcaya yoluxma yoxdursa, həkimlər həmin uşaqlarla özlərini necə qorumaq lazım olduğu barədə söhbət aparmalı, onların valideynləri ilə görüşməlidirlər. Necə oldu ki, iki şagird həyatını qızılcadan itirdi? Deməli, valideyn nə edəcəyini bilməyib. Vaxtında üstünə düşməyiblər, köməklik olunmayıb. Keçmişdə də qızılca var idi. Amma eşitməmişdik ki, kimsə qızılcadan həyatını itirib. Çünki hamı müalicəsini düzgün aparırdı. Əvvəllər çox nadir hallarda bu cür xəstəliklər özünü büruzə verirdi. Yadımdadır ki, keçmişdə valideynlər qızılcaya qarşı necə mübarizə aparmaq lazım olduğunu bilirdilər, qırmızı bağlayırdılar… İndi isə görürsünüz ki, qızılca epidemiya xarakteri alıb, müalicənin növü də dəyişib. Bütün həkimlər mobilizə olmalıdırlar. Oturub gözləməsinlər ki, onlara kimsə müraciət edəcək. Təkcə həkimlər yox, bütün ictimaiyyət mobilizə olunmalıdır. Başlı-başına buraxılsa, yoluxmanın qarşısını almaq mümkün olmayacaq. Əvvəllər deyirdilər ki, peyvənd olunanlarda bu xəstəlik olmur. Xeyr, hətta peyvənd vurduranlarda da yoluxma olur, xüsusən, yaşlılarda çox ağır keçir. İnsanlarla təmasdayam, görürəm ki, uşaqlıqda peyvənd olunan universitet tələbəsi ağır şəkildə qızılca keçirir. Deməli, bu, qızılcanın başqa növüdür, keçmişdəki kimi deyil. Həkimlər televiziya kanalları vasitəsilə əhalini maarifləndirməlidirlər. Necə ki, koronavirusa yoluxmalar zamanı hər şeyi televiziyalar vasitəsilə eşdirdik. İndi isə uşaqlar arasında yoluxma daha çoxdur, məsələyə biganə qalmaq olmaz”.

pravda.az

Xəbərlər