Siyasət 3 Fevral 2023, 14:33 | Baxış sayı: 159
"Bütün siyasi və iqtisadi gedişlər ölkəmizin inkişafına və xalqımızın rifah halının yüksəldilməsinə hesablanıb"

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması dövlətlərin milli maraqlarına uyğundur və bu əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından önəmlidir. Bu fikirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis və ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman ilə görüşü zamanı səsləndirilib və “Cənub Qaz Dəhlizinin” enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasının əhəmiyyətindən ətraflı söz açıldığı görüşlərdə cənab İlham Əliyev ABŞ və Rumıniya ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etməklə əməkdaşlığın daha da möhkəmləndirilməsinə böyük önəm verdiyini qeyd edib”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

“Dövlətimizin rəhbəri bildirib ki, “Energetika, əlbəttə ki, təkcə Rumıniya - Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir”. “Cənub Qaz Dəhlizinin” son seqmenti olan TAP layihəsinin uğurlu icrası Azərbaycanı Avropa İttifaqı və ölkələri üçün etibarlı enerji tərəfdaşına çevirib. Bu, Prezidentimizin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsidir və ölkəmizin dünyada nüfuzunun yüksəlməsinə imkan yaradıb. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu Avropa ölkələrində dayaqlarımızın möhkəmlənməsinə və Azərbaycanın söz sahibi olmasına bir nümunədir. Əlbəttə, bütün siyasi və iqtisadi gedişlər ölkəmizin inkişafına və xalqımızın rifah halının yüksəldilməsinə, milli təhlükəsizliyimizin  təmin edilməsinə hesablanıb”.

Xəbərlər