Cəmiyyət 25 Yanvar 2023, 12:59 | Baxış sayı: 116
“Burada yaşıllıqların məhvi, yaxud yaşıllıq sahəsinin azaldılmasından söhbət gedə bilməz"

“Mərkəzi Nəbatat Bağının yeni layihəsinin görüntüləri ilə mən də mətbuatdan tanışam. Bilirsiniz ki, bir müddət əvvəl Mərkəzi Nəbatat Bağı Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib və Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs yaradılıb. Bu, müasir dövrdə iqtisadiyyatda qəbul edilmiş idarəetmə formalarındandır. Buna bu sahədə idarəetmədə islahatların bir komponenti kimi də baxmaq olar”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov Mərkəzi Nəbatat Bağının layihə görüntülərində yaşıllıqların az olması ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

 

Deputat bildirib ki, bu tip layihələr müvafiq icra qurumları ilə razılaşdırılır, ekspertizadan keçirilir: “Burada yaşıllıqların məhvi, yaxud yaşıllıq sahəsinin azaldılmasından söhbət gedə bilməz. Yaşıllıqlarla bağlı ölkəmizdə işlək qanunvericilik bazası mövcuddur. Bundan əlavə, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin təsdiq edilmiş Nizamnaməsində bağın fəaliyyət istiqamətlərinə ölkənin bitki ehtiyatlarının zənginləşdirilməsi, tədqiqi, o cümlədən nəsli kəsilməkdə olan bitkiləri qorumaq, yaşıl təbiətlə bağlı elmi nailiyyətləri təbliğ etmək və s. daxildir. Son illərdə ölkəmizdə yaşıllıqların, meşə sahələrinin bərpası və artırılması istiqamətində çoxlu işlər görülüb. Mənim məlumatıma görə, Mərkəzi Nəbatat Bağının 40 hektara yaxın yaşıllıq ərazisi saxlanılacaq, giriş hissə, o cümlədən mövcud oranjeriyalar müasir üslubda yenidən qurulacaq. Ağac örtüyünə xələl gətirmədən, hətta mövcud cığırlar da saxlanılmaqla gəzinti yolları da daha müsir görkəmə gətiriləcək, insanlarımız üçün rekreasiya əhəmiyyətli bir məkana çeviriləcək. Bu həm də ərazini müasir şəhər konsepsiyasına uyğunlaşdırmaqla yanaşı, insanların təbiətlə sıx əlaqəsini yatarmağın təbliği baxımından əhəmiyyətli olacaq. Amma hesab edirəm ki, əsas məsələ bu işlərin keyfiyyətlə yerinə yetirilməsi, layihənin yeni qurumun fəaliyyət istiqamətinə uyğun həyata keçirilməsidir”.

Xəbərlər