Cəmiyyət, Siyasət 15 İyul 2021, 17:35 | Baxış sayı: 405
“Bunlar bir-birinin ağzına tüpürüblərmiş kim danışırlar”

"Bizdə “Bunlar bir-birinin ağzına tüpürüblərmiş kim danışırlar”,-deyə arada- sırada işlətdiyimiz bir cümlə var. Danışanlar yaramazcasına eyni şeyi təkrarlayanda adətən o cümlə işlədilir".

Bu fikirləri Sahib Alıyev sosial şəbəkədə paylaşıb. 

“Haqın.az” saytının nədən Şuşaya getmək istəməmələriylə bağlı ABŞ, Fransa və Rusiya səfirlərinə sualına verilən cavabı görəndə məhz həmən ifadə yada düşür.

Xatırladaq ki, İlk cavab ABŞ səfirliyindən gəlmişdi və orada “səfirin iş qarafiki haqda ayrıntıların şərh edilmədiyi” kimi əndrabadi “diplomatik yenilik”lə sualdan can qurtarmağa çalışmışdılar. Amerikalılar məsləhət görmüşdülər ki, daha geniş bilgi almaq üçün Fransa və Rusiya səfirləriylə əlaqə saxlanılsın. Həmin səfriliklərdən də eyni cavab gəldi ki, guya onlar öz böyük elçilərinn iş cədvəlini şərh etmirlərmiş.

Çoxdan səfər üstə olan Minsk qrupu həmsədrlərinin niyə Şuşaya səfər etmək istəmədikləri də, nədən belə cavab verdikləri, dərdlərinin nə olduğu da kimsəyə sirr deyil. Orası da heç kimə sirr deyil ki, son günlər sərhəddə və Şuşa yaxınlığında Azərbaycan mövqelərinin atəşə tutulması da, məhz həmən həmdərd ölkələrin maraqları çərçivəsindədir. Hətta mümkündür ki, rəsmi İrəvan məhz onların tapşırığıyla hərəkət edir. Edir ki, münaqişənin heç də bitmədiyi, səfər üstə olan Minsk qrupu həmsədrlərinə-həmdərdlərə regionda ehtiyac duyulduğu görüntüsü yaransın.

Burada təbii ki, ilk baxışda ən çox heyrət doğuran üzərinə sülhyaratma missiyası götürən və Prezidentinin də “Dağlıq Qarabağ münaqişəsi bitib” dediyi Rusiyanın hərəkətləridir. Ötən il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Rusiya Ermənistan ordusunun Qarabağdakı tör-töküntüsünün və terror dəstəsinin oradan çıxarılması öhdəliyi götürüb. Amma öhdəliyi yerinə yetirmir, üstəlik Ermənistandan Qarabağa yenidən hərbçilər göndərilməsinə, son günlərsə oradakı terror-təxribat qruplarının ordumuzun mövqelərini atəşə tutmasına göz yumur.

Niyə göz yumduğu aydındır. Artıq Moskvadakı bəlli çevrələr də anlayıblar ki, regionda proseslər ancaq və ancaq Qarabağın aid olduğu ölkənin arzularına uyğun gedəcək. Şuşa Bəyannaməsi və Ağdamda Türkiyə hərbçilərinin varlığı Rusiya “sülhməramlıları”na Abxaziya, Güney Osetiya və Dnestryanı bölgədə davarandığı kimi davranmaq şansı buraxmır.

Bunun bütün çılpaqlığıyla dərk edilməsinin nəticəsidir ki, Moskva ötən ilin noyabrında çox asanlıqla “davay, do svidaniya” dediyi digər iki həmsədrlə yenidən "birgə addımlamağa" başlayıb. Daha dəqiqi, onların regiondakı yeni reallğı həzm etməmələrindən doğan narazılıq potensialından öz xeyrinə faydalanmağa çalışır. Amma alınmyacaq.

Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarılacaq! Ermənistan Azərbaycanın sərhədlərini tanımaq zorunda qalacaq! Cənab Prezidentin də vurğuladığı kimi azərbaycanlılar Zəngəzura, Göyçəyə, İrəvana qayıdacaqlar!

Soruşula bilər ki, birdən qoymadılar, qayıdanların qarşısı kəsildi onda nə olacaq? Əgər Müzəffər Ali Baş Komandan üçtərəfli bəyanata istinad edərək azərbaycanlıların o torpaqlara mütləq qayıtmalı olduğunu bildirirsə, orada dilə gətirlməsə də, çox aydın sezilən bir ismarıc da var. O da bundan ibarətdir ki, azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmayacaqlarsa, onda həmən bəyanatda yer alan digər maddələr də qüvvədən düşmüş sayılacaq.

Zəngəzurda, Göyçədə azərbaycanlı yaşamayacaqsa, Qarabağa gəlmə olan haylar orada niyə qalmalıdırlar?! Qarabağda hay olmadıqda isə onların qoruqçularına da ehtiyac duyulmayacaq. Məsələ bu qədər bəstdir.

Xəbərlər