Siyasət 19 Aprel 2023, 14:21 | Baxış sayı: 236
"Bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın"

“İqtisadi tərəqqi ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində uğurla inkişaf etdirərək qarşıda geniş imkanların mövcud olduğunu bildirdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya qoyulan əsas hədəflər sırasında idi. Bunun üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramı təsdiqləndi və uğurlu icrası növbəti sənədlərin qəbulunu zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri hədəflərə hansı səviyyədə nail olduğumuza, verilən tapşırıqların icrasına işıq salır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatı oldu. Səfər zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştrak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Hər bir səfər vətəndaş məmnunluğunun artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, bölgələrə səfərləri nəzarət üçün bir vasitədir. Belə ki, verilən tapşırıqların necə yerinə yetirilməsinə nəzarət edilir, eyni zamanda, növbəti tövsiyələr verilir. Bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir.”

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan ilklərə imza atır, daim yeniliklərə, təkmilləşməyə üstünlük verir: “Cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın tətbiq etdiyi müasir idarəetmə üsulundan, dünyaya səs salan “ASAN xidmət”in üstünlüklərindən, məqsəd və məramından bəhs etdi. Sayca 25-ci olan Salyan “ASAN xidmət” mərkəzi istifadəyə verildi. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq dünyada ASAN modelini bir neçə ölkə tətbiq edir. Azərbaycan bu ölkələrə metodik dəstək verir. Son 10 il ərzində “ASAN xidmət”ə 61 milyon müraciət olub. “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab, dönüş nöqtəsi idi. Hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” intellektual məhsulumuzun bir nümunəsidir. Azərbaycan artıq intellektual məhsul ixrac edir. İşğaldan azad edilmiş ərazilərimizdə də bu yeniliklər öz əksini tapır. “ASAN xidmət” mərkəzlərinin yaradılması əsas hədəflər sırasındadır.”

“Dövlət başçısı İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində əsas diqqət göstərdiyi məsələlərdən biri də 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edən sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmizin göstərdiyi səylər oldu. Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Hər iki kəndin timsalında gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük. Ermənilərin 30 illik işğal dövründə törətdikləri dağıntıları hazırda quruculuq işləri əvəzləyir. Böyük Qayıdış proqramı uğurla icra edilir. Cari ilin sonunadək laçınlıların Laçına qayıdışı nəzərdə tutulub. Zabux və Sus kəndlərinə də ilin sonuna qədər keçmiş köçkünlər qayıdacaq. Həmçinin Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Ikinci yaşayış kompleksinin təməli yaxın zamanlarda qoyulacaq. Digər işğaldan azad edilmiş ərazilərdə də bərpa-quruculuq işləri uğurla davam etdirilir. Bütün bunlar göstərir ki, planlarımız, məqsədlərimiz real həyatda öz əksini tapır və tapacaq”,-deyə Malik Həsənov qeyd edib.

Millət vəkili bildirib ki, cənab İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.”

Xəbərlər