“Bu qüruru bizə yaşadan xalqımızın vətənpərvər, igid oğulları olublar”
“Son 200 illik tarixdə ermənilər azərbaycanlıları yaşadıqları torpaqlardan sıxışdırıb çıxarmış və özlərinə dövlət yaradaraq ərazilərinin genişləndirilməsinə nail olublar. Ermənilər əsasən havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının müəyyən hissəsinin ələ keçirilməsinə, zaman-zaman soyqrımlar törətməklə azərbaycanlıları ata yurdlarından məcburi şəkildə köçürülməsinə, son yeni tariximizdə Qərbi Azərbaycanda yaşayan 300 min soydaşımızın illər ərzində qurduğu ata yurdlarını qoyaraq Azərbaycana qaçmalarına məcbur edib, ərazilərimizin 20%-ni işğal etməklə 700 min vətəndaşımızın ölkə daxilində qaçqın statusu almasına nail ola biliblər. Xocalı, Başlıbel, Ağdaban və Bağanis ayrım soyqırımları erməninin iç üzünü göstərən tarximizin qanlı səhifələri kimi yaddaşlarımıza həkk olunub”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan 30 ildə torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüququn bərqərar olunması üçün səbr nümayiş etdirib: “Dünya ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunması üçün beynəlxalq kürsülərdən Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırışlar etdi. Hətta Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağını, torpaqlarımızda erməni işağlına danışıqlar yolu ilə son qoyulmayacağı təqdirdə hərb yolu ilə, öz gücümüzlə bunu edəcəyini dəfələrlə bəyan etdik. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət ancaq qətnamələr qəbul etməklə kifayətləndi və münaqişənin dinc yolla həll edilməsi üçün BMT-dən mandat almış ATƏT-in Minsk Qrupu torpaqlarımızın erməni işğalını əbədiləşdirilməsinə çalışdı. İlham Əliyev Prezident seçildiyi ilk gündən ordu quruculuğuna xüsusi diqqət göstərdi və bu, Silahlı Qüvvələrimizin inkişafında və güclənməsində yeni səhifə açdı. 2016-cı il aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz təxribatlarının qarşısı alınanda Müzəffər Ordumuz düşmənə gücümüzü qismən nümayiş etdirmişdi. Bu, Ermənistan üçün bir mesaj idi. Təəsüf ki, Ermənistan rəhbərliyi mesajlarımızdan nəticə çıxartmadı və 27 sentyabr 2020-ci ildə yenidən genişmiqyaslı təxribata əl atdı. Hətta Ermənistanın məqsədi yeni ərazilər uğrunda yeni müharibə şüarı ilə Azərbaycanla müharibə aparmaq və yeni ərazilərimizi işğal etmək idi. Ali Baş Komandanın çağırışına yekdilliklə qoşulan xalqımız ordumuzla həmrəylik nümayiş etdirərək “dəmir yumruq”a çevrildi”.
A.Badamov deyib ki, ermənilərin 30 illik işğal dövründə qurduqları müdafiə sədlərini yüksək peşəkarlıqla aşan Müzəffər Ordumuz 44 gündə torpaqlarımızın erməni işğalına son qoyub: “10 noyabrda imzalanmış üçtərəfli bəyanatla Ermənistanın məğlubiyyəti təsdiq olundu. Azərbaycan son 200 illik tarixində ilk dəfə olaraq öz torpaqlarını döyüş meydanında işğaldan azad etdi. Təbii ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbə qəhrəmanlıq səhifəmizdir. Bu qələbə xalqımıza böyük qürur yaşatdı və Azərbaycanın bütün dünyada qalib ölkə imicini formalaşdırdı. 44 günlük Vətən Müharibəsində təmin etdiyimiz qələbə dünyanın Azərbaycana qarşı baxışlarını dəyişdi. Müzəffər Ordumuzun şücaəti və göstərdiyi peşəkar döyüş strategiyası dünyanın inkişaf etmiş ölkələrinin öz ordularına yenidən baxmasını aktullaşdırdı və onlar təcrübəmizi hərbi kadrların hazırlanmasında tədrisə daxil etdilər. Beləliklə, bu qüruru bizə yaşadan xalqımızın vətənpərvər, igid oğulları olublar. Təəssüf ki, Vətən Müharibəsində biz də 2907 nəfər şəhid verdik, 7 nəfər itkin düşdü və mindən çox əsgər yaralandı. Prezident İlham Əliyev bütün şəhid ailələri və qazilərə xüsusi diqqətlə yanaşır. Bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə əhatə olunublar. Dövlət onların sosial-məişət problemlərinin həll olunmasına çalışır”.
A.Badamov əlavə edib: “Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın Dövlət bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən Müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci ilin 2 dekabr tarixində Sərəncam imzalayıb. Cənab Prezidentin bu addımı şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Hər il 27 sentyabrda xalqımız ümumxalq mərasimlərə qatılmaqla şəhidlərimizə hörmət və ehtiramını bildirərək xatirəsini bir daha yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi isə öz sağlamlıqlarına qovuşdursun”.