Siyasət 17 Oktyabr 2022, 11:18 | Baxış sayı: 200
“Bu əməlləri Rusiyaya qarşı təcavüz adlandırırlar, tam cəfəngiyatdır”

“Burada qeyd olunub ki, bu ilin iyununda xüsusi alt komitə Ukraynaya səfər edib. Mən özüm də həmin alt komitənin üzvü kimi həmkarlarımızla birlikdə Kiyevə, Buçaya, İrpinə getmişdim. Orada gördüklərim və eşitdiklərim mənə çox tanış idi, çünki bu, mənim ölkəmdə 30 illik təcavüz və işğal zamanı baş verənləri xatırlatdı. İrpin şəhərinin vitse-meri məndən sualın olub-olmadığını soruşduqda, təvazökarlıqla yox dedim, çünki həqiqətən heç bir sualım yox idi. Hər şey mənə çox aydın idi. Aqressiya həmişə çox gözəl bəhanələrlə başlayır. Hər şey ola bilər. Azlıqların müdafiəsi, tarixi ədalət deyilənlərin bərpası, xalqın iradəsi, zərurət və s. kimi bəzi sinik arqumentlər də ola bilər. Demək olar ki, istisnasız olaraq bu bəhanələrlə aqressiya başlayır. Biz indi bunun Rusiyada necə işlədiyini, Rusiyanın Ukraynaya təcavüzü vəziyyətində görürük. İşğal, sonra saxta referendumlar, sonra xalqın iradəsinə istinadlar, azlıqların məsuliyyətə cəlb edilməsi. İndi isə Ukrayna ərazisinin bir hissəsinin utanc hissindən uzaq ilhaqı göz qarşısındadır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Erkin Qədirli AŞPA-nın payız sessiyasında Ukrayna ilə bağlı müzakirələr zamanı çıxışında deyib.

 

“Rusiya bu ərazini artıq Rusiya Federasiyasının bir hissəsi olduğunu iddia edir. Bilmirəm, Rusiya televiziyalarının müzakirələrini, Rusiya rəsmilərinin, ictimai xadimlərinin nə dediyini izləyirsinizmi? İndi onlar Ukrayna ordusunun BMT Nizamnaməsinin özünümüdafiə olan 51-ci maddəsinə tamamilə uyğun olan hərəkətlərinə ad qoyur, bu əməlləri Rusiya Federasiyasına qarşı təcavüz adlandırırlar. Bu tam cəfəngiyatdır. Hər halda, vaxtınızı çox almadan mən bu hesabata görə cənab Məruzəçiyə, əziz dostumuz cənab Emanuelis Zingeris-ə təşəkkür etmək istərdim. Mən buna səs verəcəyəm və əminəm ki, hamı da bunu edəcək”.

Xəbərlər