Cəmiyyət 6 İyun 2022, 17:06 | Baxış sayı: 264
"Bu günə qədər bütün əlillərin, müharibə iştirakçlarının, qazilərin yanında dayanmışam".

“Bu günə qədər bütün əlillərin, müharibə iştirakçlarının, qazilərin yanında dayanmışam, onların problemlərini lazımi dövlət qurumlarına çatdırmışam. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bir çox məsələlərin həllinə nail ola bilmişik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq nəticəsində bu günə qədər istər müharibə, istər adi əlillik təyinatı, istərsə də hər hansı xəstəliklə bağlı məsələlərin təxminən 80-90%-ini həll edə bilmişik. Nazir Sahil Babayevi müdafiə etməkdə başqa məqsədim yoxdur. Sahil Babayevin qarşısına dövlət tərəfindən konkret vəzifələr qoyulub ki, bu sahədə şəffaflıq yaratsın. Təbii ki, belə olan halda “qurunun oduna yaş da yanıb”. “Yaş”ları tapıb, onsuz da,  üzə çıxarıb kömək etməyə çalışırıq. Amma elə məsələlər var, məsələn, görürsən, müharibə iştirakçısıdır, doğrudan da, dolana bilmir, əziyyət çəkir, ailəsi, uşaqları var. Təbii ki, onun psixikası, əsəbləri pozulacaq. Deməli, bu adamları işlə təmin etmək lazımdır, başqa qazanc yeri vermək lazımdır. Ailəsini nə ilə dolandırmalıdır? Savadı yoxdursa, nə etsin? Kimsə onu 250-300 manatlıq bir işə qoyacaq, bəs bu pulla o, ailəsini necə dolandıracaq?”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, elə müharibə iştirakçıları var ki, onlara əlillik verilməlidir: “Qanunvericilik səviyyəsində kimlərə əlillik təyinatı verilməlidirsə, müraciət etsinlər, şəxsən gedib onların yanında duracağam, problemin həllinə nail olacağam. Amma elələri var ki, onların vəziyyəti əlilliyə təminat vermir. Bu da tapşırıqla həll ediləsi məsələ deyil. Məhz elə buna qarşı da mübarizə aparıla bilər. Qazi, müharibə iştirakçısı adı müqəddəsdir. Amma bu şəkildə aqressiya göstərəndə yaxşı görünmür. Axı onlar müqəddəs iş uğrunda mübarizə aparıblar. Həmin missiya ilə indiki missiya, aqressiv davranıb qapı sındırmaq və s. uyğun gəlmir. Yaxşı olar ki, bütün vəzifəli şəxslər bu problemlər böyüməmişdən qabaq həmin şəxsləri dinləsinlər. Bildiyim qədəri ilə, müharibə iştirakçıları bir neçə dəfə qəbul edilib, dinləniliblər. Amma problemlər həllini tapmayıb. Əlillik təyinatı, diaqnozla bağlı qiymətləndirmə onlayn olmalıdır. Link qoyulsun, video da qalsın internetdə, bütün vətəndaşlar girib izləyə bilsinlər. Suallar verilsin, heç kimin qəlbində şübhə qalmasın. Nazirlik rəsmiləri deyir ki, belə videolar var, arxivdə saxlanılır. Varsa, cəmiyyət qarşısına çıxarsınlar. Baxaq, görək ki, həmin şəxslərin əlilliyə əsası var, ya yoxdur. Həmin şəxs yalan danışır, yoxsa düz. Vəzifəli şəxs konkret olaraq ona görüşdə nə deyib? Çünki belə olanda artıq kimsə şər atmaq istəsə, bundan başqa cür istifadə etmək istəsə, mümkün olmayacaq. İstəmirəm ki, qazilərimizin adı ləkələnsin, əziyyət çəksinlər. Müharibə iştirakçısı olublar, döyüşüblər, ad qazanıblar, indi niyə adları bu cür hallanmalıdır? Bu insanların problemlərini həll etmək lazımdır”.

 

Deputat bildirib ki, müharibə iştirakçılarını müxtəlif universitetlərə, peşə məktəblərinə təhkim edib onlara savad, bilik, bacarıq, peşə, diplom vermək lazımdır: “Öyrətmək, sonra da müxtəlif zavod, fabriklərə, dövlət işlərinə, bələdiyyə işlərinə, icra hakimiyyətlərinə təhkim etmək lazımdır ki, ləyaqətli əmək haqları alıb, dolana bilsinlər. Bir çoxunun savadı, diplomu yoxdur. İşlə bağlı müraciət edəndə isə deyirlər ki, savadın yoxdur, səni hara işə götürüm? İşi yoxdursa, düzəltmək lazımdır. Qanunlarımızda ucu-bucağı görünməyən qədər boşluqlar var. Bu boşluqların doldurulması üçün parlament də güclü işləyir. Bir çox qanunların üzərində işlənilir ki, o boşluqlar tapılsın. Bunu tam aydınlaşdırılması üçün ciddi bir komanda yaradılmalıdır. Boşluqlar olmasa, bu qədər problem də meydana çıxmaz. İyulun 1-dən əlilliyin təyinatı ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Bu təyinat artıq faiz dərəcələri ilə olacaq. Görək yeni qaydalar narazılıqları aradan qaldıra biləcək, yoxsa yox? Bu da hələ sual olaraq qalır. Heç bir dövlət qurumu istəməz ki, vətəndaşlar onlardan narazı qalsın. Bildiyim qədəri ilə, nazirlik qazilərin hamısını dəvət edib görüşəcək, problemlərini həll etməyə çalışacaq”.

Xəbərlər