"Bu gün həkim çatışmazlığı problemi böyük problemdir".
“Bu gün həkim çatışmazlığı problemi böyük problemdir. İndi həkimlərin işə qəbul qaydası kökündən dəyişdirilir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, həkimlərin bölgələrdə işə qəbul edilməsi həmin bölgələrdəki tibb müəssisələrinin ixtiyarına veriləcək: “Bu da problemin həllinə kömək edəcək. Biz Səhiyyə Nazirliyi, TƏBİB və İTSDA ilə koronavirusla, icbari tibbi sığorta və bütövlükdə səhiyyə problemləri ilə bağlı dinləmələr keçiririk və keçirəcəyik”.
Deputat onkoloji xəstəliklərin İTS-ə daxil olunması məsələsindən də danışıb:
“Gələcəkdə bütün tibbi xidmətlər icbari tibbi sığorta ilə əhatə olunmalıdır”.
Deputat bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox böyük maliyyə tələb edir, ona görə icbari tibbi sığorta ilə qarşılana bilmir: "İlkin mərhələdə onkoloji xəstəliklər çox maliyyə tələb etdiyi üçün Xidmətlər Zərfinə salınmadı. Amma növbəti ildən artıq onkoloji və oftolmoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq. Artıq TƏBİB və İTSDA ilə müzakirələr aparırıq. Əminəm ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsi tibbi sığorta çərçivəsində qarşılanacaq”.
Ə. Əmiraslanov sonsuzluqla bağlı ekstrakorporal mayalanmanın İTS-ə daxil edilməsi məsləsinə də toxunub:
"Bu gün sonsuzluqla bağlı ekstrakorporal mayalanma icbari tibbi sığorta çərçivəsində xidmətlər zərfinə daxil ediləcək”.
Deputat bildirib ki, yaxın günlərdə bu öz həllini tapacaq: ”Həmin mayalanma prosesi bir dəfə dövlət hesabına qarşılanacaq. Bu artıq xidmətlər zərfinə daxil ediləcək. Bununla bağlı razılıq əldə edilib”.