Cəmiyyət 21 Dekabr 2022, 13:08 | Baxış sayı: 113
“Bu gün feministləri qovsaq, sabah yenə yetişəcəklər”

Milli Məclisin deputatı Fəzail Ağamalının “Azərbaycanda ailə institutunun zəifləməsində feministlərin rolu getdikcə artmaqdadır, ciddi qanunvericilik aktlarının qəbuluna ehtiyac var” fikirləri müzakirə yaradıb. Deputatın təklifinə etiraz edənlər olsa da, onu dəstəkləyənlər də az deyil. Hətta problemin həlli yolu kimi feministlərin ölkədən qovulması da təklif edilir.

 

Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev isə bildirib ki, feministləri ölkədən qovmaq düzgün yol deyil.

 

T.Rzayev maarifləndirmə işlərinin aparılmasının tərəfdarıdır: “İnsanlar başa salınmalı, bunun zərəri, çirkin niyyətləri hamıya bildirilməlidir. Çünki insan hüquq və haqları var. İnsanlar öz haqlarını həyata keçirməkdə, fikirlərini deməkdə sərbəstdirlər. Bütün dünyada feministlər var. Biz də dünyanın bir parçasıyıqsa, dünyaya inteqrasiya olunuruqsa, təbiidir ki, belə çirkin əməllərə sahib olan adamlar mövcud olacaq. Yəni bu gün feministləri qovsaq da, sabah yenə yetişəcəklər, çünki dünya ilə təmasdayıq. Bu əməllərin çirkin məqsədi, niyyəti geniş aşkarlanmalı, cəmiyyətə çatdırılmalıdır. Belə halda tədbirlər həyata keçiriləcək. Zor gücünə heç nəyi yoluna qoymaq mümkün deyil. Hər şey münasibətlərdən asılıdır. Qovmaq, öldürmək, ya təhqir etmək tərbiyə üsulu, düzgün yol deyil. Oturub söhbət etmək, başa salmaq, zərərli cəhətlərini izah etmək lazımdır. O zaman nəticə əldə etmək olar. Düzgün yolu seçməliyik…”

Xəbərlər