Siyasət 10 Oktyabr 2022, 15:57 | Baxış sayı: 151
“Bu, Azərbaycanın bir daha dünyada nüfuz və gücünü göstərir”

“Bildiyimiz kimi, oktyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunda BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Bu forumda 40-dan çox ölkənin, beynəlxalq təşkilatların təmsilçiləri və şəhərsalma sahəsində tanınmış ekspertlər, merlər, mer müavinləri iştirak edirdi. Sözsüz ki, Forumun məhz işğaldan azad edilmiş və erməni vandalizminə məruz qalmış ərazilərdə keçirilməsinin çox böyük siyasi, mənəvi və tarixi əhəmiyyəti var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

“Cənab Prezident möhtərəm İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin Forumda iştirakı isə Forumun beynəlxalq səviyyədə əhəmiyyətini və önəmini göstərir. Forumda dövlətimizin başçısının çıxışı bu tədbirin həm ölkəmiz, həm də dünya üçün önəmini göstərməklə erməni vəhşiliyinin, barbarlığının və vandalizmin təzahürlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması idi. Foruma qatılmış hər bir xarici qonaq, iştirakçı erməni faşizminin təkcə Azərbaycana və Azərbaycan  xalqına qarşı deyil, hətta təbiətə, dünya mirasına qarşı törətdiyi vəhşiliklərin şahidi olacaq”, - deputat bildirib.

 

M.İbrahimqızı deyib ki, savaş meydanında müharibə bitsə də, xalqımızın, xüsusilə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hələ də müxtəlif müstəvilərdə fəaliyyətini davam etdirən erməni faşizminə qarşı mübarizəsi davam edir: “Bu mənada cənab İlham Əliyevin Forumdakı çıxışı təcavüzkar Ermənistanın, erməni diasporunun və erməni lobbisinin azğın, qatil mahiyyətinin növbəti dəfə ifşası idi. Dövlət başçısı çıxışında Ağdamın, eləcə də Qarabağın tarixi şöhrəti haqqında məlumat verərək, Birinci Qarabağ savaşından sonra həm təbiətə, həm də 1 milyona yaxın azərbaycanlının yaşadığı bütün yaşayış məskənlərinin, inanc, dini ibadət yerlərinin, məscidlərin erməni vandalları tərəfindən darmadağın edilməsini iştirakçıların diqqətinə çatdırdı. O, Sovet dövründə Azərbaycanın ən böyük və gözəl şəhərlərindən olduğunu, bu gün isə xaricdən gəlmiş müxtəlif yüksək səviyyəli qonaqlar tərəfindən  Ağdamın “urbisid qurbanı”,  “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq, Xirosimadan fərqli olaraq, dağıntıların atom bombasının partlaması nəticəsində deyil, erməni vandalizmi və barbarlığı nəticəsində olduğunu vurğuladı. Dövlət başçımız təcavüzkar erməni silahlı dəstələrinin məscidlərdə donuz və inək saxlamalarının və bu günədək beynəlxalq təşkilatların erməni vəhşiliyinə susqun qalmalarının dözülməz və qəbuledilməz olduğunu dedi. Möhtərəm Prezidentimiz işğalçı Ermənistan dövləti tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozularaq, müxtəlif ölkələrdən olan ermənilərin işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılma siyasətinə də öz münasibətini bildirdi. Ötən dövr ərzində beynəlxalq təşkilatların, xüsusən ATƏT və Minsk Qrupu, onun həmsədrlərinin fəaliyyətsizliyini də kəskin tənqid etdi, onların bundan sonra istənilən fəaliyyətə dair cəhdlərinin mənasız və qəbuledilməz olduğuni bildirdi. Möhtərəm Prezidentimiz 30 il yurd-yuvalarından didərgin düşmüş keçmiş köçkünlərin öz doğma ocaqlarına qovuşması üçün uğurla həyata keçirilən möhtəşəm layihələr haqqında da Forum iştirakçılarına ətraflı məlumat verdi. Dövlətimizin başçısı erməni vandallarının işğaldan azad edilmiş torpaqlara milyondan çox minaların basdırılması, hətta müharibə bitdikdən sonra 250 azərbaycanlının mina qurbanı olmasını da qeyd etdi.  Prezidentimiz ermənilərin bu cinayətini Azərbaycana və azərbaycanlılara qarşı mina terroru, terror siyasəti adlandırdı. Həqiqətən də, uzun illər BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların təcavüzkar Ermənistanın silahlı  qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının, demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə, bu öhdəliklərin yerinə yetirilməməsinə baxmayaraq, Ermənistana  qarşı sanksiyalar tətbiq edilmədi. Bununla da işğalçının cinayətkar əməllərini daha da genişləndirməsinə şərait yaradılmış oldu”.

 

Deputat əlavə edib: “Ötən dövr ərzində beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə birmənalı yanaşmadı. Əksinə, möhtərəm Prezidentimizin sözləri ilə desək,  beynəlxalq təşkilatlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Sözsüz ki, Azərbaycan dövləti və xalqı bununla sonsuza qədər razılaşa və dözə bilməzdi. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib.

 

Möhtərəm Prezidentimiz çıxışında “Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik” fikirlərini səsləndirərək dövlət siyasətimizin təməlində sülh, barışın və dayanıqlı inkişaf olduğunu bir daha vuğuladı. Dövlətimizin başçısı Ermənistanla münasibətlərin normallaşması üçün sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu və sülh müqaviləsi üçün irəli sürülən  beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən 5 təklifi Forum iştirakçılarının diqqətinə çatdırdı. Prezidentimizin Forumdakı çıxışında diqqətçəkici məqamlardan biri də bu gün bəzi beynəlxalq təşkilatların və ermənipərəst dövlətlərin müzakirə etdiyi Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı idi. Möhtərəm cənab Prezident bu məsələni o qədər dəqiq və kəskin ifadə etdi ki, hesab edirəm, bir daha bu sual gündəmə gəlməz: “Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik…”

 

Möhtərəm Prezidentimiz çıxışında Ermənistanla münasibətlərin normallaşma və sülh danışıqları haqqında da iştirakçılara ətraflı məlumat verdi. O, rəsmi Ermənistanın danışıqlar prosesini pozma və revanşist təxribatlarını davam etdirdiyi halda Azərbaycanın Müzəffər Milli Ordusunun adekvat cavab verməyə hazır olduğunu vurğuladı. Qeyd etdi ki, Ermənistan iki il bundan öncə baş vermiş müharibənin nəticələrindən ciddi dərs çıxarmalı, növbəti dəfə ciddi səhvə yol verməməlidir. Prezidentimiz təcavüzkar qonşularımızın Azərbaycan xalqının iradəsini və potensialını düzgün qiymətləndirməli, bugünkü imkan və fürsətlərin onlar üçün son şans olduğunu və əks halda bədəlinin çox ağır olacağını bildirdi. Möhtərəm Prezidentimiz  forumdakı çıxışı ilə ötən 30 ildə həm işğal, həm də 44 günlük Vətən Müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra bölgəmizdə və Qarabağda gedən prosesləri, bölgədə yaranmış yeni reallıqlar və yeni əməkdaşlıq perspektivləri, Qarabağın dirçəlişi və Böyük Qayıdış  haqqında iştirakçılara geniş məlumat verdi. Qürurverici məqamlardan biri də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışında “Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil  müharibə zamanı, demək olar ki, 3 min nəfəri qurban verdik və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir” səsləndirdiyi mesajlar Azərbaycanın bir daha dünyada nüfuz və gücünü göstərir”.

Xəbərlər