“Bölgələrdə mədəniyyət ocaqlarının yaradılmasına xüsusi diqqət ayrılmalıdır”
Laçın şəhərində işğaldan əvvəl fəaliyyət göstərən kinoteatr binası bərpa olunaraq yenidən fəaliyyətə başlayıb. İşğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv-dır. Kinoteatrda ilk dəfə olaraq "Mən Burdayam, İlahi" adlı Azərbaycan filmi nümayiş etdirilib. Filmin təqdimatı Laçın sakinləri tərəfindən maraqla qarşılanıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa açıqlamasında deyib ki, işğaldan azad olunmuş ərazilərdə, eləcə də digər bölgələrdə mədəniyyət ocaqlarının yaradılmasına xüsusi diqqət ayrılmalıdır:
“Bu, bölgələrdə mədəni-sosial həyatın inkişafı baxımından olduqca vacibdir. Ümid edirəm ki, infrastruktur layihələrində mədəni obyektlərin sayı artırılacaq. Burada əhalinin tələbatı da nəzərə alınmalıdır. Əhali bütövlükdə bu obyektlərin qorunmasında, canlanmasında böyük rol oynayır. Tələbat olmayanda yerlərdəki gənclər evləri, mədəniyyət evləri və digər mədəni təsisatlar boş qalır, ona görə də inkişaf etdirmək olmur. Bu məsələ öz həllini tapsa, bölgə əhalisinə də faydalı olar”.
demokrat.az