Siyasət 16 Fevral 2023, 14:44 | Baxış sayı: 126
“Bəlkə də Vasif Talıbovun oğlanlarının adına Dubayda küçə var”

“Pakistanlı bir milyonçu, qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı 30 milyon dollar yardım edib. Yazılanlara görə kim və nəçi olduğunu da bildirməyib. Qərbdə və Amerikada xeyriyyəçilik əsl comərdlikdir, bəşəriyyətə örnəkdir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bir müddət əvvəl Bill Geytsin həyat yoldaşı Melinda Geytsin maraqlı müsahibəsini oxuyub:

“Jurnalist: Uorren Baffett sizə zəng edib deyəndə ki, xeyriyyəçilik missiyanızı davam etdirmək üçün 50-60 milyard dollar bağışlayıram, siz ona hansı cavabı verdiniz?

M. Geyts: Bu zəngdən sonra mən Billə gəzintiyə çıxdım və hər ikimiz ağladıq. Biz Uorrenin ağlasığmaz səxavəti ilə üzbəüz qaldıq. Uorren artıq bilirdi ki, biz xeyriyyəçilik üzrə daha böyük işlər görə bilərik. Bu həm də səmimi dostluğun bariz nümunəsi idi. 

Xeyriyyəçiliyin fəlsəfəsi budur. Amerikada yaşayan milyonçu bu cəmiyyətdə dəyərlərə sahib çıxıb. Alfred Nobel nümunəsi də var. Bu böyük xeyriyyəçi milyonlarını Fond yaratmağa yönləndirdi və artıq 122 ildir ki, Nobel mükafatları dünyanın ən möhtəşəm mükafatı kimi nüfuzunu qoruyub saxlayır. 

Vasif Talıbov tipli əxlaq sahibləri isə dövlətin milyardlarını mənimsəyib oğlanlarına xeyriyyəçilik edir. Bəlkə də onun oğlanlarının adına Dubayda küçə də var. İsveçrənin bahalı saat brendləri Talıbovun oğlanlarının hesabına böhrandan çıxıblar. 

Görəsən, nə vaxtsa şahidi olacağıqmı ki, azərbaycanlı milyarderlərdən biri məktəb, yaxud baxça tikib uşaqların ixtiyarına versin, istedadlı gənclərin təhsilinə pul xərcləsin, yaxud pakistanlı milyonçunun davranışını nümayiş etdirsin...

Milyonçularımızdan məktəb təsis edənlər var, ancaq övladlarının varlanması üçün bunu ediblər. Dövlət babamızın pulu hesabına yaratdıqları məktəblərində vətəndaşlarımıza çox bahalı "təhsil" verirlər”.

Xəbərlər