"Biz tələb etməliyik və edirik ki, o polis cəzalandırılsın”.
“Novosibirsk şəhərində polis tərəfindən 19 yaşlı Vəkil Abdullayevin güllələnərək öldürülməsi, Rusiya İctimai Palatasının üzvü, jurnalist Mariya Butinanın faşist yönümlü çağırışı, ardınca həmin polisin azad buraxılması təhlükəli tendensiyadan xəbər verir. Biz tələb etməliyik və edirik ki, o polis cəzalandırılsın”.
Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Razi Nurullayev bildirib.
R. Nurullayev deyib ki, Azərbaycan vətəndaşlarını, hətta Rusiya vətəndaşlığı olan etnik azərbaycanlıların sənədlərini belə yoxlamadan polis bölmələrinə gətirir, saatlarla və günlərlə saxlayır, barmaq izlərini götürürlər: “Rusiyaya qanun-qayda öyrədə bilmərik, amma insan hüquqları deyilən anlayış, etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə qarşı beynəlxalq qanunlar var. Cinayətkar millət və xalq anlayışı tanımır”.
Millət vəkili bildirib ki, Rusiyada diaspor təşkilatlarının birləşməsinə və öz aralarında çəkişməyə son qoyması vacibdir.
Deputat Rusiyanın daha bir neçə şəhərində konsulluq açılmasına, orada soydaşlarımıza hüququ xidmət göstərmək üçün ayrıca şöbə yaradılmasına ehtiyac olduğunu da qeyd edib.