Siyasət 10 Mart 2023, 13:30 | Baxış sayı: 142
“Biz öz ərazimizdə hər an antiterror əməliyyatına başlaya bilərik”

“Əgər illərdir Rusiyanın iştirakı ilə bu danışıqlar gedirsə və nəticəsi yoxdursa, niyə Brüssel, ya Amerika formatı olmasın?”

Erməni separatçıların Laçın yolundan kənar, gizli yollarla silah-sursat daşıması barədə faktlar öz təsdiqini tapdıqdan və terrorçuların əsgərlərimizə qarşı təxribatından sonra vəziyyət kifayət qədər gərginləşib. Qarşıdakı dönəmlərdə nələrin baş verəcəyi vətəndaşlarımızın cavab axtardığı əsas sualdır. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Yeni Müsavat”a müsahibəsində bu barədə sualları cavablandırdı.

- Ziyafət bəy, erməni separatçıları Azərbaycanın humanist davranışlarına, səbr, dözüm nümayişinə terrorla cavab verdilər. Xankəndi-Xəlfəli yolundakı erməni təxribatının ardınca nələr baş verəcək, Laçının girişində nəzarət-buraxılış məntəqəsi qurulacaqmı?

- Əvvəla, mən bizim həlak olmuş hərbçilərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə başsağlığı verirəm. Vətən sağ olsun! Qarabağ ərazisində baş vermiş təxribat bir daha göstərdi ki, Ermənistan rəhbərliyi sözdə nə qədər bəyan etsə də, əslində sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bax, bu cür təxribatçı hərəkətlərlə onlar illərdir böyük sülh müqaviləsinin imzalanmasını uzadırlar. O ki qaldı bu təxribat hərəkətlərinə, Laçın yolundan istifadə məsələsinə, yeri gəlmişkən, mən bir məsələni də qeyd edim. Siz fikir verdinizsə, Laçın yolu hazırda Rusiya sülhməramlıları deyilən hərbçilərin məsuliyyət zonasıdır. Onların “iki addımlığında” belə bir hadisə baş verir. Halbuki onların borcudur ki, bu məsələlərin qarşısını alsınlar. Biz deyəndə ki, Laçınla Ermənistan sərhədi arasında nəzarət-buraxılış məntəqəsi qoyulmalıdır, buna müqavimət göstərirdilər. Amma sonuncu təxribat bir daha sübut etdi ki, bu, həqiqətən də belə olmalıdır. Bu məsələni cənab Prezident Münhen Təhlükəsizlik Konfransında da qaldırmışdı. Sonra Lavrov Azərbaycanda səfərdə olarkən belə bir fikir işlətdi ki, bəs bəyanatda belə bir şey yoxdur. O halda xatırlatma edək, cənab Lavrov, bəyanatda belə bir şey yoxdursa, onda bəyanatda olanları xatırladaq. 2020-ci il 10 noyabr bəyanatında birbaşa göstərilib ki, Ermənistanın qanunsuz silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmalıdır! Bəs onları niyə çıxartmırsınız, niyə bu müddəanı Ermənistanla bir yerdə təmin etmirsiniz?! Özü də bəyanatdan danışırsınız. İkinci bir tərəfdən, bəyanatda birbaşa nəzarət-buraxılış məntəqəsi anlayışı yoxdur, amma bu, qadağan da olunmayıb. Bu, bizim suveren hüququmuzdur, harada istəsək, onu qoya bilərik. Bəyanatda xırda detallar hamısı yazıla bilməz ki.

- Yəni sərhədlərin delimitasiya və demarkasiya prosesi hələlik həyata keçirilmədiyi üçün nəzarət-buraxılış məntəqəsi, yaxud gömrük postunun qoyulması məsələsi də sənəddə əksini tapmayıb...

- Tamamilə doğrudur. Bu, detallardır, bəyanatda isə ümumi prinsiplər göstərilib.

- Çərçivə sənədidir...

- Bəli, çərçivə sazişidir. Sözsüz ki, gələcəkdə müqavilə imzalanandan sonra bunların hamısı o sənəddə öz əksini tapacaq. Yenə deyirəm, bəyanat Azərbaycana sərhəd-buraxılış məntəqəsini qadağan eləmir. Digər bir məsələ, Lavrov dedi ki, bəyanatda bu məsələ nəzərdə tutulmayıb. Yaxşı, siz nəzərdə tutulan öhdəlikləri yerinə yetirdinizmi? Qanunsuz silahlı birləşmələri Qarabağdan çıxartmırsınız. İkinci tərəfdən, Zəngəzur dəhlizi indiyədək niyə tikilmir? Bəyanatda bu məsələ də nəzərdə tutulub axı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətləri açılmalıdır, Zəngəzur dəhlizi açılmalıdır. Bəs bunu niyə demirsiniz? Bəyanatın 6-cı maddəsində deyilir ki, Azərbaycan Respublikası Laçın yolu üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Yaxşı, mən bu öhdəliyi yerinə yetirmək üçün oradan keçən maşınlara nəzarət etməliyəm, yoxsa yox? Əgər bu mənim öhdəliyimdirsə, mən bir dövlət olaraq bu təminatı özü üzərimə götürürəmsə, bilməliyəm ki, maşının içərisində nə gedir. Məlum olur ki, maşının içərisində silah-sursat aparılır, mina daşınır. Halbuki bəyanatın özündə də göstərilib və Ermənistanla Rusiya dəfələrlə bəyanat veriblər ki, bu yol humanitar məqsədlər üçündür. Humanitar məqsədli yolla necə silah daşınır? Siz niyə buna göz yumursunuz? İndi bir daha təsdiq olundu, nəzarət-buraxılış məntəqəsi ona görə qoyulmalıdır ki, erməni separatçıları gizli yollardan başqa məqsədlər üçün istifadə eləməsinlər. Halbuki bəyanatın özündə göstərilir ki, biz yalnız Laçın yolunu istifadə üçün sizə vermişik. Amma siz başqa yoldan istifadə edirsiniz, özü də məkrli məqsədlər üçün.

- Ziyafət bəy, istisna deyil ki, ifşa olunan hələlik bir yoldur, elə deyilmi?

- Bəli, ifşa olunan bir yoldur. Hələ bəlkə başqa gizli yollar da var. Bu, o deməkdir ki, Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı həmişə olduğu kimi, yenə manipulyasiya edir, yenə imitasiya edir, prosesi uzadır. Bu da sözsüz ki, gərginliyin artmasına gətirib çıxarır. Baş vermiş son insidentin ardınca erməni ordusu şərti dövlət sərhədləri istiqamətindən Azərbaycanın Kəlbəcər rayonunu atəşə tutub. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan əməldə bir, sözdə isə tamam başqa məqsəd güdür. Ona görə də əgər proseslər belə davam etsə, təxribatlar baş versə, sözsüz ki, bu dəfə "Dəmir yumruq" çox ağır olacaq.

- Növbəti dəfə baş versə? Amma mənə elə gəlir ki, artıq rəsmi Bakının səbri tükənib, Xarici İşlər və Müdafiə nazirliklərinin son xəbərdarlıq və bəyanatları sərt tədbirlərin an məsələsi olduğunu deməyə əsas verir. Həm Rusiyaya öz missiyası sərt ritorika ilə xatırladılıb, həm də düşmən tərəfə ünvanlı mesajlar var... Antiterror əməliyyatı keçirilə bilərmi?

- Tamamilə doğrudur. Antiterror əməliyyatı, ümumiyyətlə, mübahisə obyekti ola bilməz. Bu, bizim ərazimizdir. Biz öz ərazimizdə hər an antiterror əməliyyatına başlaya bilərik. Bu, bizim suveren ərazimizdir.

- Bizim qarşımızı kəsən Rusiyadır demək olarmı?

- Çox təəssüf edirəm ki, Rusiya sülhməramlıları öz vəzifələrini, öz funksiyalarını yerinə yetirmirlər. Bax, yerinə yetirmədiklərinə görə belə hallar baş verir. Mətbuatda da getdi, televiziyada da göstərdilər, azərbaycanlı ekofəalların dinc aksiya keçirdiyi ərazidə belə, eşidilirdi həmin təxribat yerindəki atəş səsləri. Orada da Rusiya hərbçiləri dayanıblar və bu təxribatlara göz yumurlar. Niyə göz yumursunuz? Niyə imkan verirsiniz ki, bəyanatda müəyyən olunmuş yol qala-qala erməni separatçıları gizli yoldan istifadə edir? Nədir sizin məqsədiniz?

- Diqqət etdinizsə, bu təxribatçı terror hərəkətləri Lavrovun Bakı səfərindən, eyni zamanda Xocalıdakı görüşdən sonra baş verdi. Bir əlaqə görürsünüzmü?

- Bəli, Rusiya hərbi kontingentinin komandanlığının iştirakı ilə baş tutan Xocalıdakı təmasdan, görüşdən sonra... Ondan başqa, həm Avropa, həm də ABŞ-ın Cənubi Qafqaz üzrə nümayəndələri gəlib-getdilər. Ümumiyyətlə, mən fikir vermişəm, həmişə təxribat hadisələri Azərbaycana yüksək səviyyəli qonaqlar gəldiyi ərəfədə, yaxud onlar burada olanda baş verir. Bu, o deməkdir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı deyil.

- Özü də sonuncu dəfə elə təxribatlardan iki gün qabaq Paşinyan Almaniyada demişdi ki, mən sülh müqaviləsini imzalamağa hazıram...

- Bəli, Paşinyan Almaniyada bəyanat verdi, dedi ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, sülh müqaviləsini imzalamağa hazıram. Hanı bəs?

- Ola bilərmi ki, Rusiya vasitəçilik təşəbbüsü əldən çıxar deyə, gərginliyi tətikləsin?

- Sizə deyim, o faktor da var. Bilirsiniz, danışıqların Rusiya, Brüssel və Amerika formatı var. Rusiya heç bir vəchlə bu formatı əldən vermək istəmir. Yəni ki, ancaq mənim iştirakım olmalıdır. Əslində bizim üçün formatın əhəmiyyəti yoxdur, bizə nəticə lazımdır. Əgər neçə illər boyu Rusiyanın iştirakı ilə bu danışıqlar gedibsə və nəticəsi yoxdursa, niyə Brüssel, ya Amerika formatı olmasın? Bizə nəticə lazımdır.

- Rəsmi Moskva sanki status-kvonu saxlamaq istəyir, elə deyilmi?

- Çox təəssüf ki, belə təəssürat yaranır.

- İstisna deyil ki, Rusiya Azərbaycandan sülhməramlı kontingentə status verilməsini istəyir, yaxud başqa istəkləri var. Siz bu barədə nə düşünürsünüz?

- Mən çox təəssüf edirəm. Baxın, Rusiya 30 ilə yaxın Minsk Qrupunun həmsədri olub, biz bir nəticə görmədik. O cümlədən də Fransa və Amerikadan... Amma indi müxtəlif formatlarda danışıqlar gedir, yenə də nəticənin əldə olunmasına mane olmaq istəyirlər. Halbuki Rusiya Prezidenti Putin özü dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ərazisidir. Beynəlxalq hüquqa görə, bu, bizim ərazimizdir. Yaxşı, belə olduğu təqdirdə, bu qədər təxribatlar baş verdiyi halda, nədən Rusiya sülhməramlıları orada susurlar, yaxud fəaliyyətsizlik göstərirlər, baş verənlərə göz yumurlar. Əslində bizim sülhməramlılara çoxlu suallarımız var. Amma mən çox təəssüf edirəm ki, bu sualların cavabları yoxdur. Hətta Rusiyanın Müdafiə Nazirliyi bəyanat yaydı ki, guya onlar bizim yaralılarımıza yardım göstəriblər. Heç bir yardım göstərməyiblər. Belə olduğu halda, mən yenə o məsələyə qayıdıram ki, terrorizmə qarşı Azərbaycan ərazisində mübarizənin aparılması, özü də çox ciddi şəkildə aparılması an məsələsidir.

- Ziyafət bəy, bundan sonra nələr baş verəcək sualı hamını maraqlandırır.

- Bundan sonra o olacaq ki, Azərbaycan artıq özünün suveren ərazisində bu cür qanunsuz erməni hərbi dəstələrinin mövcudluğuna göz yuma bilməz. Biz üzərimizə götürdüyümüz pozitiv öhdəliklərin hamısını yerinə yetirmişik. Siz yenə nə istəyirsiniz? Lavrov özü də, nümayəndəsi Zaxarova da həmişə mətbuat konfransında deyiblər ki, 2020-ci ilin 9-10 noyabr bəyanatına əməl olunmalıdır. Yaxşı, bəyanata əməl olunmalıdırsa, qanunsuz erməni qoşunlarını niyə çıxartmırsınız? Kommunikasiya xətlərini niyə açmırsınız? Axı siz burada qarantsınız və bu bəyanata imza atmısınız. Yəni sözlə əməl üst-üstə düşməyəndə qeyri-səmimilik və etimadsızlıq yaranır. Bu etimadsızlıq olmasın deyə biz istəyirik ki, Rusiya ilə münasibətlərimiz həmişə yaxşı olsun, bizim qonşumuzdur. Amma yaxşı olmaq üçün gərək səmimi olasan, verdiyin sözə əməl edəsən və imzaladığın bəyanatın arxasında durasan.

Xəbərlər