Siyasət 13 Sentyabr 2022, 12:00 | Baxış sayı: 154
"Biz müharibəni udmuş dövlətik, yeni reallıqda həm də sülh udacağıq"

“Məlum olduğu kimi, Ermənistan silahı qüvvələrinin bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı hərbi təxribata əl atıblar. İndi əsas sual meydana çıxır - bu, Ermənistanın, Paşinyan hökumətinin nəyinə lazımdır? Axı bir yandan Paşinyan Brüssel danışıqlarına sadiq qaldığını bəyan edir, sülh müqaviləsini imzalamağa razı olduğunu bildirir, Azərbaycanın 5 baza prinsipini qəbul edir. Eyni zamanda deyir ki, 1 ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə razıdır və bu istiqamətdə əməli addımlar atacağının anonsunu verir. Hətta Paşinyan bir az da irəli gedib, noyabr ayının ortalarına qədər sülh müqaviləsinin ilkin versiyasının hazırlanmasının mümkünlüyündən bəhs edir. Bəs onda sülhpərvər obrazı yaradaraq, ardınca irimiqyaslı hərbi avantüraya əl atmasının motivi nə ilə bağlıdır? Axı burda bir məntiqsizlik əmələ gəlir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat hesab edir ki, bu təxribat heç bir halda təsadüfi deyil: “Ermənistan dövləti yenə də öz təxribatçı mahiyyətini ortaya qoyub. Bununla iki məqsəd güdürlər. Birincisi, son bir ay ərzində atəşkəsi geniş şəkildə pozurdular, indi isə irimiqyaslı hərbi təxribat. Beynəlxalq ictimai fikrə sırımaq istəyirlər ki, Qarabağ münaqişəsi bitməyib, hansı sülhdən söhbət gedə bilər? Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, münaqişə bitib, post-münaqişə dövrüdür, həllini gözləyən məsələlər var, onların həlli istiqamətində biz ardıcıl, sistemli, əməli addımlar atmağa hazırıq və addımlar atırıq. Ermənistan isə belə hərbi təxribatlarla sübut etmək istəyir ki, Qarabağ münaqişəsi bitməyib, Qarabağda yaşayan ermənilərin statusu müəyyən edilməlidir. İkincisi, bu statusu müəyyən edən qurum isə yenə də ATƏT-in Minsk Qrupu olmalıdır. O Minsk Qrupu ki, artıq ölüb. “Can verir” demək düzgün deyil, məhz ölüb. Ümumiyyətlə, defakto belə bir qrum yoxdur”.

 

E.Nəsirov bildirib ki, Ermənistan siyasi rəhbərliyinin belə davranışını şərtləndirən, katalizator rolunu oynayan məsələlər də var: “ABŞ Dövlət Departamentinin mövqeyini qeyd etmək istərdim. Onlar artıq olmayan ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edirlər. Bu da rəsmi İrəvana stimul verib, onun indiki təxribatçı davranışını şərtləndirir. Paşinyan dünənki hərbi avantürasının ardınca Rusiya Prezidenti Vladimir Putinə, Fransa Prezidenti Emmanuel Makrona zəng edir. Yenə də Vətən Müharibəsindəki o gülünc obrazını təkrarlamaqla məşğuldur. Baş vermiş bu irimiqyaslı hərbi təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Buna görə də, layiqli cavabını alır. Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirir, proses getməkdədir. Fikir versəniz, budəfəki hərbi avantüra da məhz Ermənsitan-Azərbaycan sərhədində baş verib. Məqsəd odur ki, dolayı yolla çalışırlar Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə üz-üzə qoysunlar. Amma bunun heç bir real nəticəsi olmayacaq. Səbəb bəllidir, çünki Ermənistan ərazisindən Azərbaycan ərazisinə irimiqyaslı hərbi avantüra, təxribat baş verirsə, deməli, bizim üçün həmin təribatın törədildiyi nöqtələr legitim nöqtələrdir və Silahlı Qüvvələrimizin onu məhv etməsi labüddür. Bu, tamamilə beynəlxalq hüquqa uyğundur. Ermənistanın sərhəddə belə hərbi avantüra törədib Azırbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə üz-üzə qoymasının heç bir mənası yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələlərlə bağlı mövqeyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb. Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanın bütün hərbi təxribatının mahiyyətini bildirib”.

 

Deputat deyib ki, Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi aparmaqdadır: “Dezinformasiya yayır ki, guya Azərbaycan Ermənistan ərazisindəki mülki obyektləri, mülki infrastrukturu vurub-dağıdır. Rəsmi İrəvan olmayan, yalan informasiyaların ifrazı, istehsalı ilə məşğuldur. Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsi dövründə belə Ermənistanın heç bir mülki obyektini legitim hədəf saymadı. Amma ermənilər bunu etdilər. Bu da onların dezinformasiya maşınlarının istehsal etdiyi növbəti məlumatlardır. Müdafiə Nazirliyimizin də qeyd etdiyi kimi, Azərbaycan KİV-i, sosial şəbəkə istifadəçiləri yalnız MN-in məlumtalarına istinad etsinlər, təsdiqlənməmiş informasiyalar yaymasınlar. Bu, olduqca mühüm məsələlərdən biridir. Fikir verirsinizsə, Paşinyan Vladivastokda keçirilən beynəlxalq konfransda, halbuki, Ermənistanın o konfransa ümumiyyətlə dəxli yox idi, qeyd edirdi ki, Azərbaycan dövləti Rusiyanın Ukraynada müharibəyə başının qarışmasından istifadə edib, Ermənistana münasibətdə hərbi təxribata əl ata bilər. Bizim el misalında olduğu kimi – adımı sənə qoyum, səni yana-yana qoyum. Özləri hərbi təxribata əl atır, eyni vəziyyətdən istifadə edir, Azərbaycan ərazisinə qarşı hərbi avantüra həyata keçirir, amma bizi günahlandırırlar. Bu, onların dəfələrlə sınaqdan çıxardıqları üslubdur və buna heç kim inanmır. “Qisas” əməliyyatını həyata keçirdik, nəticədə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. İndi şərti olaraq bunu hətta Ermənistanın hərbi təxribatına cavab kimi “Qisas-2”əməliyyatı adlandırmaq olar. Bunun nəticəsində, hesab edirəm, Azərbaycan yeni strateji mövqelər üzərində nəzarəti ələ keçirəcək. Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri nəticəsində artıq Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa çarəsi qalmayacaq, sülhə daha da yaxınlaşacaq. Hərbi əməliyyatların məntiqi nəticəsi olaraq Ermənistanı sülhə məcbur edəcəyik. Biz müharibəni udmuş dövlətik, yeni reallıqda həm də sülh udacağıq”.

Xəbərlər