“Bir çox dövlətlər Azərbaycanla Türkiyə arasındakı münasibətləri qısqanır”
“Məlumdur ki, bizə qonşu olan iki dövlət arasında baş konsulluq alış-verişi oldu. Əslində, bu, Azərbaycana qeyri-səmimi münasibətdən doğurdu. Amma onu da qeyd edək ki, bütün bu cəhdlər Ermənistanı ağır vəziyyətdən çıxara bilməz və ya Ermənistanla konsulluq alış-verişinə gedən dövlət də hörmət qazana bilməz. Habelə, Cənubi Qafqazda söz sahibi ola bilməz”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Deputat bildirib ki, Azərbaycanın dünyada böyük nüfuz sahibi olan Türkiyə Cümhuriyyəti ilə münasibətləri və bu münasibətlərin inkişafı üçün Türkiyənin dövlət başçısı tərəfindən Şuşada Baş Konsulluğun açılmasına geniş imkanların olması və bunun tezliklə həyata keçirməklə bağlı verdiyi tapşırıqlar onu göstərir ki, həm Azərbaycan, həm də Türkiyə bir-birinə münasibətdə problemi olmayan dövlətlərdir:
“Onlar bir-birinə münasibətdə o qədər səmimidirlər ki, dünyanın başqa iki dövlətini Türkiyə-Azərbaycan münasibətləri ilə müqayisə etmək olmaz.
Cənab Ərdoğan da dedi ki, dünyanın bir çox dövlətləri Azərbaycanla Türkiyə arasında olan münasibətləri qısqanır. Ancaq bütün bunlar onu göstərir ki, Azərbaycanın Qarabağla bağlı tarixi qayıdış proqramı var”.