daxili siyasət 16 Noyabr 2022, 12:31 | Baxış sayı: 176
“Belə ironiya ilə yalnız özünü və ətrafını güldürə bilərsən”

“Azərbaycanı digər ölkələrlə, əsasən Ukrayna ilə müqayisə etmək son zamanlar radikal müxalifətin şakərinə çevrilib. AXCP sədri Əli Kərimli sosial şəbəkədə guya satira formasında, sarkazmla yazı yazıb. Əli Kərimli bununla yalnız ətrafındakı bir neçə nəfəri güldürə bilər. Əksinə, o paylaşımda acı həqiqət var. Bu acı həqiqət Azərbaycan reallığına sevinməyən qüvvələrin yanında olmaq, Azərbaycanın gücünü bir növ etiraf etməkdir. Çünki biz yüz illərlə həsrət qaldığımız qələbəmizi qazanmışıq və bu gün artıq Azərbaycan xalqı qürurlu, müzəffər bir xalqdır. Belə ironiya ilə yalnız özünü və ətrafını həvəsləndirə, güldürə bilərsən. Bununla əslində özün gülüş hədəfinə çevrilirsən. Unutmasınlar ki, Azərbaycan 30 ilə yaxın dondurulmuş bir münaqişəni özü öz gücünə həll etdi, beynəlxalq hüququ bərpa etdi. Bu, Azərbaycanı istəməyən qüvvələrin gözü, onların acizanə baxışları qarşısında baş verdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat bildirib ki, Azərbaycanın qələbəsi həm də uzunmüddətli prosesin, uğurlu siyasətin məntiqi sonluğu idi: “Bu siyasəti həyata keçirən şəxs ölkə başçısı cənab İlham Əliyevdir. O, bu gün həm sərkərdə, həm Ali Baş Komandan, Prezident kimi dünya liderləri içində xüsusi çəkiyə malikdir. Qələbəni bizə Azərbaycanın şanlı Ordusu, əsgər və zabitlərimiz yaşatdı. Bu qəhrəmanların hər birinin xatirəsi qəlbimizdədir, hər birinin ailəsi, əzizləri dövlətimizin və insanların diqqəti altındadır. Qazilərimizin, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının hər biri dövlətimizin qayğısı ilə əhatələnib. Bütün bu prosesləri görməmək, gözməzdən gəlmək, ağa “qara” demək, təəssüf ki, bu gün özünü “müxalifət” adlandıran insanların həyat tərzinə çevrilib. Ukrayna və Azərbaycanı bu sahələrdə müqayisə etmək tamamilə yanlışdır. Bu, bir az da mənəvi boşluqdan irəli gəlir. Böyük siyasi səhv yanaşma var. Çünki Azərbaycanın yaratdığı reallıqlar bu gün real güc olaraq ortadadır. Bu xalqın bütöv əksəriyyəti ölkə başçısının ətrafındadır. Bu monumentlik bizi daha böyük qələbələrə doğru aparır. Sevinənlər, dostlar yanımızdadır. Sevinməyənlər, gözü götürməyənlər, təbii ki, içimizdə də var. Onlar yalnız kənardan kədərlə baxaraq köks ötürə bilərlər. Təəssüf olsun”.

 

V.İskəndərov vurğulayıb ki, dünyada yeni siyasi mənzərə formalaşdırılır, arxitektura qurulur: “Bu yeni düzəndə Azərbaycanın özünəməxsus yerinin və rolunun formalaşdırılması cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həm daxili, həm xarici siyasətdə özünü büruzə verir. Bu yeni düzəndə Azərbaycanın xüsusi çəkisi və mövqeyi var. Belə çətin prosesi aparmaq və bu vəziyyətdə ölkəni qansız-qadasız, ağır problemlərsiz irəliyə aparmaq çox böyük qətiyyət, siyasi bilik, dözüm və lider keyfiyyətləri tələb edir”.

Xəbərlər