"Belə görünür ki, qiymətlərin bundan sonra aşağı düşməsini gözləmək sadəlövhlük olardı".
"Belə görünür ki, qiymətlərin bundan sonra aşağı düşməsini gözləmək sadəlövhlük olardı. Çünki dünyanın əhalisi də artıb".
Bu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev deyir ki, qiymətlərin aşağı düşməsini gözləmək ağılsızlıqdır:
“Həqiqətən qiymətlərdə artma baş verir. Demək olar ki, hər gün nəsə bahalaşır. Bu bahalaşmanı dayandırmaq da hələ ki, mümkün görünmür. Dünya bazarında qiymətlər artır, müharibələr, çaxnaşmalar, zəlzələlər baş verir. Belə görünür ki, qiymətlərin bundan sonra aşağı düşməsini gözləmək sadəlövhlük olardı. Çünki dünyanın əhalisi də artıb. Belə bir zamanda insanların həyatını yaxşılaşdırmaq üzərində düşünmək lazımdır, nəinki qiymətlərin aşağı düşməsini. Çünki onu aşağı salmaq mümkün deyil”.
Deputat hesab edir ki, sahibkarlara, biznesmenlərə güzəştlər olmalıdır:
“Mən düşünürəm ki, birinci növbədə insanların qazancı artmalıdır. Qazancları da artırmaq üçün iş yerləri açılmalı, biznesə şərait yaradılmalıdır. Banklar daha güzəştli şərtlərlə biznesmenlərə imkanlar yaratmalıdır ki, o sərmayələri bura qoysunlar. Xarici iş adamlarına ciddi vergi güzəştləri olmalıdır ki, onlar bura sərmayə qoyub iş yeri açsınlar. Amma bütün bunlar hamısı vaxt aparan işlərdir. Bu, edilər, ya edilməz bunu da bilmirəm. Hökumət bunu istəyir. Prezidentin iradəsi ortadadır. Lakin bu uğurlu şəkildə yerinə yetirilmir”.
Razi Nurullayevin sözlərinə görə, sosial paketlər yaradılmalıdır.
“İş adamlarına gərək elə bir şərait yaradılsın ki, onlar bura vəsait qoymaq istəsinlər. Yəni bazar baxımından Azərbaycan onlar üçün o qədər də cəzbedici ölkə deyil. Amma indiki şəraitdə qiymətlərin artması əhalinin əsas həssas təbəqəsini vurur. Onlar üçün sosial paketlər qəbul olunmalıdır. Bu, birmənalıdır. Neftin, qazın qiyməti artır. Azərbaycanın da nefti, qazı var və satır bunu. Bu vəsaitlərdən müəyyən qədər insanların ehtiyacını, sosial vəziyyətini yaxşılaşdırmaq üçün əlavə sosial paketlərin qəbul olunmasına ehtiyac var” – deyən parlamentari hesab edir ki, insanların vəziyyəti ağırlaşmasın deyə tədbirlər görülməlidir:
“Dövlət başçısı və birinci xanım həmişə bu cür təşəbbüslərlə çıxış edirlər. Parlamentdə də biz bunları səsləndiririk. Elə düşünürəm ki, artıq bununla bağlı məsələlər yəqin ki, gündəmə gələ bilər. Çünki bu artan bahalığın o insanları vurmaması, insanların lap çətinə düşməməsi üçün hansısa addımlar atılmalıdır. Sosial paketlərlə bağlı nələrsə edilməlidir. Ya onlara əlavə sosial paket verilməlidir, ya onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Dövlət onlara nələrisə verməlidir. Amma bütün bunların hamısı tez bir zamanda qəbul olunmalıdır ki, o insanlar da o çətinliklərdən yaxa qurtara bilsinlər və bu bahalaşma onların həyat tərzini cəhənnəmə döndərməsin”.
Deputat qeyd etdi ki, nazirliklər də hökumətə öz tövsiyyələrini bildirməlidirlər:
“Bu mənim arzumdur. Bu məsələri daim gündəmdə saxlayırıq. Bu məsələni hökumət qəbul etməlidir. Maliyyə Nazirliyi öz imkanlarını götür-qoy edib hökumətə tövsiyyəsini verməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin artan tələbatını və bahaçılığı nəzərə alaraq bununla bağlı lazımi tövsiyyələrini və təkliflərini aidiyyatı üzrə təqdim etməlidir. Hesab edirəm ki, parlamentin müvafiq komitəsi bununla bağlı onlarla bərabər hansısa məsələləri müzakirəyə çıxarmalıdır. Bu məsələlər get-gedə kəskinləşir, bahalaşma baş verir və hesab edirəm ki, bunun fonunda bu məsələlər gündəmə gəlib müzakirə ediləcək”.