Sosial 19 Sentyabr 2022, 13:11 | Baxış sayı: 158
"Belə bir şəraitdə “uşaqpulu”nu tam bərpa etmək, görünür, çətin olacaq"

““Uşaqpulu”nun verilməsi ilə bağlı, bəlkə də, ən çox danışan şəxslərdən biri mən olmuşam. Əslində, 2020-ci ildən başlayaraq biz bu məsələni az-çox, həm də hökumətin gündəminə daşıya bilmişdik. Amma müharibə başlayadan sonra vəziyyət dəyişdi. Məhz indi Qarabağın bərpası, Ermənistanın təcavüzünün qarşısının alınması üçün tez bir zamanda Qarabağda vətəndaşlarımızın yerləşdirilməsi vacib amilə çevrilib. Dövlətin bütün resursları buna yönləndirilib. Cənab Prezident bu yaxınlarda da bəyan etdi. Ermənistanın təxribatlarına rəğmən, hərbi büdcəmizi də artırmalıyıq. Qarabağın bərpa işlərinə görə də büdcə vəsaitlərini çoxaltmaq lazımdır. Belə bir şəraitdə “uşaqpulu”nu tam bərpa etmək, görünür, çətin olacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

 

Deputat, eyni zamanda, təkliflərini də irəli sürüb: “Həmişə bu təklifi etmişəm. Məcbur deyil ki, 1 yaşından 18 yaşınadək “uşaqpulu” verilsin. Bunu hesablayırlar. Ölkədə olan uşaqların sayını vurmuşdular ən azı 50 manata, bu da 3,5 milyard manat vəsait etmişdi. Birinci növbədə doğulandan 3 yaşadək bütün uşaqlara uşaq yeməyinin dövlət tərəfindən pulsuz verilməsinin tərəfdarıyam. Elə valideynlər olacaq ki, onların heç ehtiyacı yoxdur, uşaq yeməyini götürməyəcəklər. Ümumilikdə isə kasıb əhalinin buna ehtiyacı var. Uşaq yeməyinin zəif olması ucbatından bəzən gənclərimiz fiziki və zehni cəhətdən zəif inkişaf edirlər. Bu, vacibdir. İkincisi, “uşaqpulu”nun bərpası 1 il müddətində 1 yaşdan 3 yaşadək nəzərdə tutula bilər.  Növbəti illərdə bir, üç, beş il artırıla-artırıla müəyyən müddət ərzində hədəfə çatmaq olar. Məcbur deyil ki, bunu ancaq 1 ildə verək”.

 

R.Nurullayev əlavə edib ki, “uşaqpulu” məsələsi şəhidlərə görə də gündəmə gəlib: “Bu məsələ həm də ona görə gündəmə daşınır ki, gənclərimiz Qarabağ uğrunda şəhid olur, Qarabağı qoruyurlar. Bundan sonra da qorumağa davam edəcəklər, şəhid verəcəyik. Belə bir vəziyyətdə valideynlərin istəyi budur ki, uşaqların böyüməsində, inkişaf etməsində, əziyyətində dövlətin birbaşa iştirakı təmin edilsin. Bu iştirakı valideynlər “uşaqpulu”nun verilməsində görürlər. Bu gün xeyli ailələr var ki, onlar, doğrudan da, uşaqları böyütməkdə çox böyük əziyyətlər, məşəqqətlər çəkirlər, imkanları yoxdur. Bu baxımdan, mən də “uşaqpulu”nun verilməsinin hər zaman lehinə olmuşam, bu gün də tərəfdarıyam”.

Xəbərlər