Cəmiyyət 22 İyun 2022, 17:37 | Baxış sayı: 253
"Baytarlıq pasportu və identikləşdirilmə haqqında şəhadətnamənin tələb olunmaması ətin ucuzlaşmasına şərait yaradacaq".

"Nazirlər Kabinetinin yeni qərarı və nəzərdə tutulan başqa dəyişikliklər heyvan ətinin maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bu qərarla artıq baytarlıq pasportu və identikləşdirilmə haqqında şəhadətnamənin tələb olunmaması satış zamanı ətin ucuzlaşmasına şərait yaradacaq. Təbii ki, bu addımın Qurban Bayramı ərəfəsində atılması daha yaxşı oldu. Təəssüf ki, biz çox zaman bayramlarda süni qiymət artımları ilə rastlaşırdıq. Buna görə də ümid edirəm ki, Nazirlər Kabinetinin qərarı ilə bu halın da qarşısı alınmış olacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputat qeyd edib ki, qərarın qaçılmaz olan böhran zamanı qəbul edilməsi yerində atılmış bir addım olub, çünki indiki zamanda qiymət artımı qaçılmazdır: "İndi isə sahibkarlar heç bir əsas olmadan qiyməti qaldıra bilməyəcəklər. Ümumilikdə onu qeyd etmək lazımdır ki, ət və ət məhsulları əvvəlki illə müqayisədə 0,2 faizdən 0,6 faizə qədər bahalaşıb. Ət məhsullarının qiymətini stabilləşdirmək istiqamətində atılan təsirli addımlardan biri də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi idi. Onu da əlavə edək ki, heyvandarlıq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Bütün bu addımlar bir qayda olaraq daxili bazarın qorunması və inkişaf etdirilməsi, kəskin qiymət artımının qarşısının alınması məqsədilə həyata keçirilir. Bu məqsədlə də ölkədə malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bir çox növləri, habelə bir çox sahələrdə idxal ƏDV-dən azaddır".

Xəbərlər