"Bayraq yandırmaq erməni acizliyinin son həddidir"
"İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması erməni cəmiyyətinin faşizm ideyalarıyla nə qədər zəhərləndiyini bir daha sübut edir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova bildirib.
Deputat qeyd edib ki, bayrağımızın yandırılması Ermənistanda Azərbaycana qarşı dövlət səviyyəsində aparılan nifrətdən xəbər verir:
"Təəssüf ki, beynəlxalq təşkilatların bu məsələyə də ikili standartlarla yanaşmasının şahidi oluruq. Necə ki, biz 30 il ərzində bununla üzləşmişik və 44 günlük Vətən müharibəsində də bunun bir daha şahidi olduq. Yəni, beynəlxalq təşkilatlar hər zaman Azərbaycan-Ermənistan məsələsinə ikili standartlarla yanaşır.
Çox təəssüf ki, dünyaya tətbiq etdikləri beynəlxalq hüquqa beynəlxalq təşkilatlar özləri bax belə ədalətsizliklə və hörmətsizliklə yanaşırlar. Artıq düşünürəm ki, çoxdan zamanı gəlib ki, beynəlxalq təşkilatların tərkibləri dəyişsin. Əgər dəyişməsə, belə ədalətsizliklər hələ də davam edəcək.
Cənab Prezident çox gözəl vurğulayıb ki, bu toplum hələ də millət olaraq, dövlət olaraq formalaşa bilməyib. Mənim üçün ermənilər tərəfindən törədilən bu hal heç də qeyri-adi hal deyil. Sadəcə olaraq, hər birimiz səsimizi mütləq şəkildə dünyaya çatdırmalıyıq.
Ümid edirəm ki, törədilmiş bu hadisə tez bir zamanda öz cəzasını tapacaq. Bu gün susqunluq nümayiş etdirən beynəlxalq təşkilatlar bilsinlər ki, zaman gələcək, həmin bu susqunluqlar özlərinə qarşı çevriləcək".
Jalə Əhmədova deyib ki, qitəmiqyaslı idman tədbirində bayraq yandırmaq erməni acizliyinin son həddidir:
"Bu hərəkət bir əsrdən çox Ermənistanda yürüdülən anti-türk, anti-Azərbaycan siyasətin nəticəsidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbirin və yarışın keçirilməsi də düzgün deyil".