Siyasət 22 Aprel 2023, 15:00 | Baxış sayı: 106
“Bayramın 22-i olduğunu israrla bildirən məscid imamlarının dini fəaliyyətlərinin qarşısı alınmalıdır”

“Aprelin 21-i Azərbaycan xalqı İslamın iki müqəddəs bayramlarından biri olan Ramazan bayramını qeyd etdi. Təəssüf ki, hər Ramazan olduğu kimi, bu il də bir sıra dini qruplar bayramın ayın 21-i deyil, 22-i olduğunu israrla təbliğ etməyə, insanlar arasında nifaq salmağa çalışdılar və bunların içində məscidlərimizdə imam çalışan, dövlətdən maaş alan din xadimləri, məscidlərimiz də var idi. Bu fətvanın və təlimatın haradan gəldiyi hamımıza məlumdur. Əslində isə vəziyyət belə idi. Artıq ayın 20-dən insanlarımız böyük çaşqınlıq içində idilər. Bir ay səmimiyyətlə oruc tutan, Allah dua edən insanlarımız pərişan halında idilər. Hamı etibar etdiyi ilahiyyatçılara, din xadimlərinə zəng edərək “sabah oruc tutaq, yoxsa tutmayaq” sualını verirdi... Dinimizə görə, bir müsəlman ölkəsində ay görünsə və ya bayram günü qeyd olunsa, bütün müsəlmanlar həmin günü bayram günü kimi qeyd edə bilərlər”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, din hər bir şəxsdən dövlətin qərarlarına hörmətlə yanaşmağı tələb edir: “O cümlədən dinimizə görə, bayram günü oruc tutmaq, müsəlmanların birlik və həmrəyliyini pozmaq, insanlar arasında fitnə-fəsad salmaq böyük günah sayılır. Özünü “mömin” və “müsəlman” adlandıran bu insanlar möminlərə haradansa gələn təlimata görə bayram günü oruc tutdurduqlarına, müsəlmanların birlik və həmrəyliyini pozduqlarına görə Allah qatında necə cavab verəcəklər? Allahın qarşısına necə çıxacaqlar? Hesab çox ağır olacaq. Məsələnin ən ağrılı tərəflərindən biri isə aidiyyəti qurumların bu məslə ilə bağlı sərt mövqeyinin olmaması və qərarlar qəbul etməməsi oldu. Onlar bu məsələyə yenə seyirçi qalaraq bir sıra hallarda “onsuz da hər il belə olur” deməklə kifayətləndilər. Azərbaycan dindarı isə həm Qafqaz Müsəlmanları İdarəsindən, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bu məsələ ilə bağlı daha sərt mövqe və qərarlar gözləyirdi. Dşünürəm ki, bayramdan sonra dövlətin, Qafqaz Müsəlmanları İdarəsinin qərar və fətvasına zidd olaraq bayramın ayın 21-i yox, 22-i olduğunu israrla bildirən məscid imamları ilə bağlı çox sərt qərarlar qəbul edilməli, belə adamların məscidlərimizdə dini fəaliyyətlə məşğul olmasının qarşısı alınmalıdır”

Xəbərlər