Bayrağımız Qarabağda əbədi olaraq dalğalanacaq! - Kamaləddin Qafarov
“Torpaqlarımızın erməni işğalından azad edilməsindən cəmi dörd ay keçib. Lakin bu qısa müddət ərzində həmin ərazilərin bərpası və yenidən qurulması istiqamətində artıq xeyli iş görülüb. Əlbəttə ki, bundan sonra görüləcək işlər həcminə görə müqayisə olunmaz dərəcədə daha çoxdur. Azərbaycan bütün bu işləri ən yüksək səviyyədə həyata keçirəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin son dörd ay ərzində Qarabağa müntəzəm olaraq etdiyi səfərləri bunu deməyə tam əsas verir.” Bu sözləri yap.org.az saytına açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə səfərlərinin davamı həmin ərazilərdə gedən bərpa-quruculuq işlərinin dövlət başçısı tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Kamaləddin Qafarov bu səfərlərin son dərəcə böyük siyasi əhəmiyyət kəsb etdiyini də xüsusi vurğulayıb: “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra keçən dörd ay ərzində Azərbaycan Prezidentinin mütəmadi olaraq həmin ərazilərə etdiyi səfərlər, qeyd edildiyi kimi, həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edir. Növbəti belə səfər martın 15-də ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına getmələri ilə reallaşıb. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın intensiv inkişafına böyük təkan verəcək. O da məlumdur ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək ruh yüksəkliyi ilə həyata keçirilir. Bu işlərin fonunda Prezident İlham Əliyevin həmin ərazilərə etdiyi səfərlər də, ilk növbədə, dövlət başçısının bu işləri xüsusi diqqət mərkəzində saxlamasından xəbər verir.
Digər tərəfdən isə, bu səfərin başqa bir önəmi də onun mahiyyətində duran haqq-ədalət təntənəsinin təcəssümüdür. Mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımızı bu əzəli-tarixi torpaqlarından məhrum etmək üçün illər boyu çalışdılar. Ərazilərimiz işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qoyuldu. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. İşğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı etdiyi çıxışında bu məqamlara toxunan möhtərəm Ölkə Prezidentimizin də söylədiyi kimi, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir.
Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi bu vəziyyətlə barışmağa sövq edirdilər. Deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Amma cənab Ali Baş Komandanımız sübut etdi ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Azərbaycan Prezidentinin qətiyyəti və polad iradəsi sayəsində, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına dövlətimiz bunu bütün dünyaya sübut etdi və münaqişənin hərbi həllinə nail oldu. Bu gün isə müntəzəm olaraq Qarabağa etdiyi səfərləri ilə dövlətimizin başçısı bu ərazilərin əsil sahiblərinin kim olduğuna dair bir daha bütün dünyaya öz mesajlarını göndərir. Eyni zamanda da bu səfərlər revanşist xəyallara dalıb bizə qarşı yeni təxribatlara cəhd etmək istəyənlərin daha ağır cəza alacaqlarına dair ciddi xəbərdarlıqdır.”
Daha sonra Kamaləddin Qafarov işğaldan azad olunmuş şəhər və qəsəbələrimizdə Ali Baş Komandan tərəfindən şəxsən qaldırılan hər bir bayrağın insanlarımız üçün sonsuz fərəh və qürur mənbəyi olduğunu qeyd edib: “İşğaldan azad edilmiş ərazilərə hər növbəti səfərində Azərbaycan Prezidenti şəhər və qəsəbələrimizdə müqəddəs üçrəngli bayrağımızı ucaldır. Sözsüz ki, bu hadisə son dərəcə böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir və təkcə həmin ərazilərdə yaşayan insanlarımız üçün deyil, bütün xalqımız üçün sonsuz qürur mənbəyidir. O cümlədən, mart ayının 15-də Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdı. Möhtərəm Prezidentimizin də öz çıxışında dediyi kimi, bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik.”