Siyasət 3 Mart 2023, 18:02 | Baxış sayı: 128
"Baş verən qlobal problemlər, müharibələr BMT daxilində islahatlara ehtiyac olduğunun sübut edir"

“Bildiyimiz kimi ötən gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit səviyyəli görüşü keçirilib. Görüş Cənab Prezident İlham Əliyevin 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə Hərəkatın COVID-19-dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi təklifinə əsasən baş tutub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, pandemiya dövründə Qoşulmama Hərəkatı beynəlxalq aləmə mühüm töhfələr verdi: “Xüsusilə, pandemiya zamanı beynəlxalq həmrəyliyin artırılmasının, “peyvənd millətçiliyi”nə qarşı 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında iki qətnamənin qəbul olunmasına nail olmasını vurğulamaq istərdim. Bu hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm faktorlardan birinə çevrilib. Təbii ki, buna Azərbaycanın sədrliyinin də əvəzsiz rolu təsir edib. Cənab Prezidentin də bu görüşdəki çıxışında qeyd etdiyi kimi Azərbaycan sədrliyi dövründə hərəkatın institusional inkişafına güclü dəstək verib. Dövlətimizin təşəbbüsü ilə Qoşulmama hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb”.

 

M.Cəfərov qeyd edib ki, bu gün də gündən-günə artan qlobal əhəmiyyətli məsələlərin müzakirəsi və həlli baxımdan hərəkatın fəaliyyətini genişləndirməsi olduqca vacibdir: “Məlumdur ki, BMT dünyanın ən nüfuzlu təşkilatlarından hesab olunurdu, lakin bu gün yaranan qlobal problemlərin həllində və ya baş verən qarşıdurmalara maneə olmaq iqtidarında deyil. Artıq BMT-nin əksər qətnamələri işləmir, bu da təşkilata üzv olan dövlətlərin siyasi məqsədləriylə yanaşı, həm də qurumun işləksizliyindən irəli gəlir. Təşkilat baş verən iqlim dəyişikliyi ilə əlaqədar quraqlıq və ərzaq qıtlığından, müstəmləkə zülmündən, müharibələrdən, xüsusilə, mina çirklənməsindən əziyyət çəkən xalqların mövcuddluğuna baxmayaraq hələ əməli tədbir görməyib. Azərbaycan 30 il BMT-nin Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında qəbul olunmuş  qətnamələrinin icrasını gözlədi, lakin bu baş tutmadı. Nəticə etibarilə bu hərəkətsizlik regionda müharibəyə səbəb oldu, halbuki təşkilatın məqsədi və məramı xalqların haqlarının təmin olunması idi. Düşünürəm ki, bu gün baş verən qlobal problemlər, müharibələr bir daha BMT daxilində islahatlara ehtiyac olduğunun sübutudur. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi təşkilata üzv ölkələrin tərkibinə görə coğrafi baxımdan ədalətsizlik var”.

Xəbərlər