Ümumi 10 Fevral 2023, 12:30 | Baxış sayı: 120
“Bakıdakı binalar standartlara uyğun olaraq, möhkəm tikilib...”

“Bəzi adamlar bundan sui-istifadə edir, insanları qorxudurlar. Deyirlər ki, Türkiyədə eyni zəlzələ təkrarlanacaq, Azərbaycanda da olacaq, Bakıda tikilən evlərin keyfiyyəti guya həddindən çox aşağıdır. Bunu demək üçün gərək əldə əsaslı faktlar olsun. Paytaxt ərazisində tikilən binaların zəlzələyə davamlı olmadığını demək insanları təşvişə salmaqdan ötrüdür. Allah belə bir faciə göstərməsin. İnsan olan nəinki bizdə, heç bir ölkədə belə zəlzələnin baş verməsini arzulamaz. Bu, böyük fəlakətdir, insanların ölümünə, şəhərlərin dağılmasına səbəb olur...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

Deputat xatırladıb ki, bir neçə il bundan əvvəl Azərbaycanda zəlzələ olub, amma ciddi dağıntı baş verməyib: “Köhnə binalar uça bilərdi, amma dözümlülük göstərdi. Əldə belə fakt yoxdursa, insanları qorxutmaq, təşvişə salmaq yaxşı deyil. Çünki bu, insanlarda qorxu, həyəcan, psixoz yaradır, insanların əlini işdən soyudur. Ola bilər, müəyyən keyfiyyətsiz işlər görülüb, amma paytaxtdakı çoxmərtəbəli binalar ciddi standartlara uyğun olaraq, möhkəm tikilib. Son dövrlərdə tikilən binalar xüsusilə keyfiyyətli, dözümlü olmalıdır. Ona görə də düşünürəm ki, deyilən sözlərin əksəriyyətinin əsası yoxdur. İnsanları qorxutmaq, təşvişə salmaq üçün belə hallar yolverilməzdir”.

Xəbərlər