Cəmiyyət 2 May 2023, 16:41 | Baxış sayı: 92
"Bakıda bəzi küçələr niyə hələ də inqilabçıların adını daşıyır?"

Bakıda hələ də inqilabçıların adlarına küçələr qalmaqdadır. Bunlardan biri Binəqədi rayonunda Çingiz İldırımın adına olan küçədir. Azərbaycan Xalq Cümhuriyyəti donanmasının komandanı, SSRİ dövrünün xalq komissarı Çingiz İldırım (Sultanov) “Cümhuriyyəti satan adam”, inqilabçı kimi tarixə düşüb. Bildirilir ki, bu cür şəxslərin adları küçələrdən yığışdırılmalı, həmin küçələrə şəhidlərimizin adları verilməlidir.

Milli Məclisin komitə sədri Tahir Rzayev də Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib.

Deputat bildirib ki, Azərbaycanın milli maraqları, istiqlalı və müstəqilliyi əleyhinə gedən insanların adlarının əbədiləşdirilməsi yolverilməzdir: “Bəzi dövrlər bunu tarixi şərait, ictimai-siyasi quruluş tələb etsə də, lakin hər bir xalq sonradan öz səhvlərini düzəltməlidir. Adlar, titullar və onların əbədiləşdirilməsi xalqa, vətənə xidmətə görə müəyyənləşdirilməlidir. Düşünürəm, bu, tarixə çevrilməlidir. Həm də gələcək nəsillər üçün örnək olmalıdır. Hazırda Çingiz İldırımın adına küçənin saxlanılması kimi hallar varsa, bu barədə düşünmək olar. Elə müstəqilliyimizin ilk günlərindən bir çox adlar, istər Bakıda, istərsə də regionlarda tez zamanda dəyişdirildi. Bu hallar xüsusilə ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra daha da sürətləndirildi. Ulu öndər belə məsələlərə çox ciddi fikir verirdi. Daim tövsiyə edirdi ki, hər kəs öz tarixini bilməli, öyrənməli və tarixin dərslərindən nəticə çıxarmalıdır. Əgər doğrudan da Sovet quruluşu dövründə Azərbaycan xalqına qarşı mənfi, zidd münasibətdə, düşmən mövqeyində olan dövlət nümayəndələri, bolşeviklər olublarsa, onlar həmin dövrdə xalqın fikir və iradəsini ifadə etməyiblərsə, xalqın tarixinə, mədəniyyətinə, dilinə, mənəviyyatına ciddi zərbə vurublarsa, belə insanların adları tarixdən silinməli, onlar nifrətlə yad edilməlidir. Mən də şəhidlərimizin, qazilərimizin, Azərbaycan xalqının gələcəyi, inkişafı üçün çalışan görkəmli şəxslərin adlarının həmin küçələrə qoyulmasının, onların adlarının əbədiləşdirilməsinin tərəfdarıyam. Sözsüz ki, mənafeyimizə xidmət etməyən adlar hələ saxlanılıbsa, onlar tez bir zamanda silinməlidir”.

Xəbərlər