Cəmiyyət 10 Mart 2023, 13:10 | Baxış sayı: 90
“Bakıda bir qrup qadının keçirdiyi aksiya populist xarakter daşıyır və siyasi maraqlar güdülür”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bir qrup feminist tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Bakının mərkəzində keçirilən aksiyada Azərbaycanda gender bərabərliyi təmin edilməməsi barədə səsləndirilən şüarlarla bağlı münasibətini bildirib.

 

Komitə sədri Pravda.az-a müsahibəsində deyib ki, Azərbaycanda gender bərabərliyi təmin edilir.

 

Deputat bildirib ki, ildən-ilə bu sahədə mövcud qanunvericilik və  həyata keçirilən  siyasət mexanizmləri  təkmilləşdirilir: “Bildiyiniz kimi, 2006-cı ildə “Gender bərabərliyinin (qadın və kişi) təminatları  haqqında“ Azərbaycan Respublikasının qanunu qəbul olunub. Ötən müddət ərzində bu qanunun tətbiqi və icra mexanizmləri ilə bağlı müəyyən işlər görülüb. Digər tərəfdən, hər il gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisə illik məlumat təqdim edir. Həmçinin Milli Məclisin sədri Sahibə Qafarovanın dəstəyi ilə bu mövzuda ictimai dinləmələr keçirilir. Bu tədbirlərdə millət vəkilləri, dövlət qurumlarının məsul şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, ziyalılar, ictimai xadimlər iştirak edir, öz təkliflərini verirlər. Yəni bu gün Azərbaycanda çox şəffaf bir mühit formalaşıb, hər kəs onu narahat edən məsələ ilə bağlı təkliflər verə, öz fikirlərini səsləndirə bilər. İctimai şuralar var, ora da istənilən vətəndaş müraciət edərək, onu düşündürən və özünün üzləşdiyi problemlərlə, çətinliklərlə bağlı məsələləri ictimailəşdirə bilər. Əfsuslar olsun ki, aksiya iştirakçıları  öz təkliflərini müvafiq qurumlara təqdim etməyiblər. Feminizmə gəldikdə isə deyə bilərik ki, Azərbaycanda bir çox qabaqcıl ölkələrdən fərqli olaraq, seçib-seçilmək hüququ hələ 105 il bundan əvvəl təsbit olunub. Tarixə də nəzər salsaq, görərik ki, Azərbaycanda qadınların bir çox hüquqlarının müdafiəsi sahəsində, istər təhsil, əmək, istərsə də digər hüquqları uğurunda mübarizədə kişilər və qadınlar birgə mübarizə aparıb. Bununla bağlı bir çox nümunələr gətirmək olar. Eyni zamanda bizim cəmiyyətdə qadına hörmət və ehtiram göstərilib və bu gün də belədir”.

 

Hicran Hüseynova deyib ki, aksiyanın keçirilməsi, əlbəttə, müəyyən qüvvələrin maraq dairəsindədir: “Orada iştirak edən insanlar heç bir zaman mediada bu məsələləri qaldırmayıb, rəsmi olaraq dövlət qurumlarına müraciət etməyiblər. Bunlar populist xarakter daşıyır və hansısa siyasi maraqlar güdülür. Bəli, problemlər var, bəli, qadına qarşı zorakılıq halları var. Lakin bu, digər ölkələrə, xüsusilə də Avropa ölkələrinə nisbətdə azdır. Belə ki, 15-49 yaş arasında qadınlara qarşı zorakılığın yayılma nisbətləri Qərbi Sakit Okean bölgəsində 20%, Avropa Bölgəsinin yüksək gəlirli ölkələrində 22% və Amerika bölgəsində 25%, Afrika bölgəsində 33% arasındadır. Bu rəqəm  Şərqi Aralıq dənizi bölgəsində 31%, Cənub-Şərqi Asiya bölgəsində 33% təşkil edir. Heç kim qadınların hüquqlarının pozulmasını istəmir. Və qadın hüquqlarının qorunması, onun qərarqəbuletmə və idarəetmədə iştirakçılığının artırılması Azərbaycan dövlətinin prioritet məsələsidir. Bütün qüvvələr də səfəbər olunur. Ona görə də bizi qadınlarımızın daha savadlı və bilikli, özünə inamlı, daim yüksək mövqelərdə olması üçün  səylərimizi birləşdirməliyik”.

Xəbərlər