Cəmiyyət 10 Sentyabr 2021, 17:44 | Baxış sayı: 248
"Azərbaycanın Vətən Müharibəsindəki Zəfərindən sonra regiondakı düzən dəyişib".

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə anlaşma memorandumu imzalanıb. Sənəd ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə xidmət etməklə, qarşılıqlı investisiya qoyuluşlarının artırılmasını təşviq edəcək.

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, türkdilli ölkələrin inkişafı üçün vacib olan Türk İnvestisiya Fondu üzv ölkələrə sərmayə qoyuluşlarının artmasına imkan verəcək:

“Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirir. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıblar. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”.

Deputat qeyd edib ki, Azərbaycanın Vətən Müharibəsindəki Zəfərindən sonra regiondakı düzən dəyişib:

“Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da artıracaq. Dəhliz Türkdilli Ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq”.

Xəbərlər