Qanun Layihələri 8 Sentyabr 2022, 11:29 | Baxış sayı: 231
“Azərbaycanın siyasi həyatında partiyaların öz yerini tutması qanunla tənzimlənəcək”

“Bu gün artıq “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun yenidən işlənməsi zərurəti yaranıb. Çünki mövcud qanun 1992-ci ilin iyun ayında qəbul edilib. Bu gün ölkədə yeni siyasi konfiqurasiya, qanunvericilik sahəsində siyasi sistem yaranıb. Məhz buna görə, Milli Məclis tərəfindən lazımi addımların atılması zəruridir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

Deputat bildirib ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciət ediblər: “Milli Məclis iyulun 26-da prosesin başlanması ilə bağlı mediaya açıqlama vermişdi və plenar iclasa, eyni zamanda komitələrin iclaslarına çıxarılmazdan əvvəl parlamentin saytında yerləşdirilib. Sentyabrın 28-də həmin qanun layihəsinin ilk ictimai dinləməsinin keçirilməsi nəzərdə tutulub, bununla bağlı müəyyən qərar qəbul edilib. İyulun 26-da layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalara müraciət olunub. 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib”.

 

A.Nağıyev qeyd edib ki, sözügedən qanun layihəsi hazırlanarkən bütün beynəlxalq konvensiyalar nəzərə alınıb: “Milli Məclisdə bu layihə hazırlanarkən bütün beynəlxalq konvensiyalar, eyni zamanda, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə istər 2010-cu ildə, istər 2020-ci ildə qəbul edilən tövsiyələri, 20-dən artıq ölkənin təcrübəsi nəzərə alınıb. İlkin ictimai dinləmədə bütün vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, digər qurumların, demək olar, bütün orqanların rəyi alınaraq qanun layihəsi təkmilləşdiriləcək. Düşünürəm ki, bu, zəruri məsələdir. Azərbaycanın siyasi həyatında siyasi partiyaların öz yerini tutması qanunla tənzimlənəcək. Qəbul ediləcək yeni qanun çox mühim bir sənəddir”.

Xəbərlər