İqtisadiyyat 12 Aprel 2023, 14:49 | Baxış sayı: 152
“Azərbaycanın Qazaxıstanla əlaqələri mühüm sahələr üzrə dinamik inkişaf edir”

“Azərbaycan türkdilli ölkələrlə münasibətlərinə daim xüsusi önəm verib və bu, ölkəmizin xarici siyasətində prioritet təşkil edir. Təşkil olunan müntəzəm xarakterli qarşılıqlı səfərlər əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının müəyyənləşməsinə səbəb olur. Təbii ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olmağımız bu əlaqələrin təməlini təşkil edir. Bu baxımdan Azərbaycanla Qazaxıstan arasında olan ənənəvi dostluq və qardaşlıq münasibətlərini yüksək qiymətləndirmək olar. Dövlət başçıları səviyyəsində son illər təşkil olunan səfərlər bu münasibətləri daha da genişləndirib. İki ölkə arasında əlaqələr çoxtərəfli səviyyədə də inkişaf edir. Məsələn, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımız xeyli uğurludur”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: “Qazaxıstan investisiyalı 182 kommersiya qurumu Azərbaycanda qeydiyyatdadır. Bu ölkədən Azərbaycana 102,2 milyon dollar, ölkəmizdən isə Qazaxıstana 205,2 milyon dollar investisiya qoyulub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 598,47 milyon dollar olub. Neft və neft məhsullarının ticarəti sahəsində də əməkdaşlığı uğurlu hesab etmək olar. Belə ki, Qazaxıstan mənşəli xam neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınır. Həmçinin Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, bu ölkənin xam neftinin dünya bazarına təchizatı həyata keçirilir. Ümumilikdə isə bütün sahələrdə qardaş ölkə ilə əlaqələrimiz çox yüksək səviyyədədir”.

 

“İnanırıq ki, dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və iki ölkə arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Qeyd edim ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi baş tutdu. Bu, Azərbaycanın Ümummilli Liderinə, onun xalqına, dəyərlərinə olan ən ali hörmətin, qardaşlıq münasibətinin bilavasitə təzahürüdür. Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Qazaxıstanla əlaqələrin qurulmasında və inkişafında, ümumiyyətlə, türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, həmrəyliyə nail olunmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin bu xidmətləri hər zaman qardaş ölkələr tərəfindən yüksək qiymətləndirilir və adı əbədiləşdirilir. Həmçinin qardaş ölkədə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli film də çəkilib və nümayiş etdirilib. Bütün bunlar yalnız qardaşlıq münasibətlərindən irəli gəlir”, - Milli Məclisin deputatı deyib.

Xəbərlər