“Azərbaycanın İrandakı Səfirliyinə hücum böyük təxribat və terror aktıdır”.
“Azərbaycanın İrandakı Səfirliyinə hücum böyük təxribat və terror aktıdır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Fatma Yıldırım deyib ki, baş verən cinayətə görə İran dövləti də məsuliyyət daşıyır: “Çünki diplomatik korpusların təhlükəsizliyini yüksək səviyyədə təmin etmək hər bir dövlətin, o cümlədən İran İslam Respublikasının vəzifəsidir. Azərbaycan dövləti İranın ölkəmizdəki səfirliyinin mühafizəsini lazımi səviyyədə təmin edir və rəsmi Tehranın da borcudur ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini qorusun. Amma baş verən cinayət bunun əksini göstərir. Son zamanlar İranda həm rəsmi şəxslər, həm də hakimiyyətin ayrı-ayrı qolları tərəfindən Azərbaycan əleyhinə təbliğat aparılır. Rəsmi Tehranın bu mövqeyi nəticəsində qarşılıqlı münasibətlərimizdə soyuqluq yaranıb. Bütün bunların ardınca Tehrandakı səfirliyimizə ölümlə nəticələnən hücum iki ölkə arasında münasibətlərin daha da gərginləşməsinə yönəlmiş addımdır. Azərbaycanın regionumuzda, eləcə də dünyada güclənən mövqeyi İranı da narahat edir. Buna görə də, rəsmi Tehran dövlətimizin bölgədəki sülh və əməkdaşlıq təşəbbüslərinə əngəl olmağa çalışır. Bütün bunların fonunda Tehrandakı səfirliyimizə hücum edilməsi ciddi suallar doğurur”.
Deputat qeyd edib ki, artıq cinayəti törətmiş şəxs həbs edilib: “Amma Tehran polisinin bu cinayətin şəxsi münasibətlər zəminində törədilməsinə dair açıqlaması qətiyyən inandırıcı deyil. Əslində, bu açıqlama cinayətin gerçək səbəblərini ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Biz tələb edirik ki, bu terror hadisəsinin səbəbləri obyektiv araşdırılsın və bütün cinayətkarlar öz layiqli cəzalarını alsınlar”.