"Azərbaycanın cənubunda azadlıq hərəkatı başlayıb, dəstəkləməliyik"
"Fransa, İran və Ermənistanın təhdidlərinin artması fonunda hərbi və təhlükəsizliyimiz üçün ayrılan vəsaitin artırılmasını istəyirik".
APA xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən plenar iclasında 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.
İranda baş verən proseslərə toxunan deputat Heydər Əliyevin də Cənubi Azərbaycanı diqqətdən kənar saxlamamağı tövsiyə etdiyini xatırladıb.
“Azərbaycanın cənubunda azadlıq hərəkatı başlayıb. Onlar müstəqilliklərini qurmaq üçün mücadilə aparırlar. Ulu öndər Heydər Əliyev bildirirdi ki, Cənubi Azərbaycan məsələsi heç zaman diqqətdən yayınmamalıdır. Hələ Mərkəzi Komitənin baş katibi olanda Moskvanın 2-ci proqramında Cənubi Azərbaycan və Şimali Azərbaycanın bir məkan olduğunu qeyd edib. İndi zaman elə gətirib ki, bizim cənublu soydaşlarımıza vəfa borcumuz var. Biz onların azadlıq hərəkatını yazılarla, çıxışlarla dəstəkləməliyik. Bundan başqa, büdcədən Təhsil Nazirliyinə ayrılan vəsaitin 10-15 mln. manatı cənublu azərbaycanlıların oxuması üçün ayrılmalıdır”, - deyə deputat bildirib.