Siyasət 9 Mart 2023, 15:33 | Baxış sayı: 114
"Azərbaycanın Avropa ilə əməkdaşlığı iki tərəf üçün də faydalıdır"

"Azərbaycan Avropanın enerji təhlükəsizliyə töhfə verən ölkələrdəndir".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Millət vəkilinin sözlərinə görə, Avropa ilə əməkdaşlığımız Azərbaycanın enerji ixracatının diversifikasiyasına imkan yaradır: 

"Azərbaycan 2022-ci  ildə Avropaya mavi qaz ixracatını 40 faiz artıraraq 11,4 milyard kubmetrə çatdırıb. Eyni zamanda, bu ilin ilk ayında qaz ixracatı 25 faiz artıb. Bir ay ərzində bir milyard kubmetr mavi qaz Avropa bazarına daxil olub. Təbii ki, Cənub Qaz Dəhlizi çərçivəsində birinci mərhələdə artıq 10 milyard kubmetrdən artıq mavi qaz Avropa bazarına göndərilir və ikinci mərhələdə bu rəqəm 20 milyard kubmetrdən çox olacaq. Bütün bunlar bir tərəfdən Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsinə, digər tərəfdən isə ölkəyə daxil olan valyutanın həcminin artmasına səbəb olub. Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixracatı Azərbaycana 100 milyard dollardan artıq gəlirin daxil olacağına imkan yaradacaq. Bu da təbii ki, dövlət gəlirlərimizin artması, eyni zamanda büdcə xərcləmələri baxımından çox vacibdir. Bu baxımdan Avropa ilə əməkdaşlıq hər iki tərəf üçün faydalı hesab olunur".

Xəbərlər