Siyasət 30 İyul 2023, 18:17 | Baxış sayı: 131
“Azərbaycanın atdığı addımlar fonunda Avropa İttifaqının siyasi liderlərinin bəziləri heç də düzgün yolda deyillər”

Müstəqillik əldə etdikdən sonra Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və siyasi problemləri müvəffəqiyyətlə həll etməsi onun beynəlxalq aləmdəki mövqeyini gücləndirdi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələr qurması, dünya birliyinə inteqrasiyası prosesini intensivləşdirdi. Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Xüsusilə Vətən müharibəsindəki zəfərindən sonra Azərbaycanın beynəlxalq əlaqələr sistemində nüfuzu daha da artdı. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı qətiyyətli addımlar, istər xarici səfərləri, istərsə də beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın qüdrətli ölkələr sırasına qoşulmasından xəbər verir. Bu gün Azərbaycan dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Avropa ölkələri ilə qarşılıqlı münasibətlərini gücləndirib.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri dinamik inkişaf tempinə malikdir.

Deputat bildirib ki, xüsusilə Avropa İttifaqının 9 ölkəsi ilə Azərbaycan strateji tərəfdaşlıq sənədləri imzalayıb: “Bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan həlledici rola malikdir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyidir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ölkələrinin neftə, xüsusilə qaza olan tələbatı kəskin artıb, bu reallıqda Avropa İttifaqının siyasi rəhbərliyi Azərbaycandan dəfələrlə təvəqqe edib ki, ölkəmiz Avropaya qaz təchizatını iki dəfə artırsın. Cənab Prezident İlham Əliyev onların bu xahişinə müsbət yanaşıb. TAP layihəsinin ötürmək qabiliyyəti ildə 10 milyard kubmetrdir. Bu rəqəmin 20 milyarda çatdırılması hədəflənib. TANAP-ın isə ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Bunun da iki dəfə artırılaraq 32 milyarda çatdırılması məqsəd seçilib. Bu istiqamətdə işlər görülməkdədir. Şahdəniz yatağı ilə yanaşı Abşeron yatağının da işə salınması imkanlarının reallaşdırılması üçün olduqca münbit şərait təmin edilib”.

E.Nəsirov təəssüflə vurğulayıb ki, Azərbaycanın atdığı bu addımlar fonunda Avropanın bəzi ölkələri, eyni zamanda Avropa İttifaqının siyasi liderlərinin bəziləri heç də düzgün yolda deyillər: “Onlar Avropanın strateji əhəmiyyətli maraqlarını kənara qoyub, erməni maraqlarına xidmət edirlər. Bu günlərdə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borrel Ermənistanın yanında olduğunu növbəti dəfə bəyan etdi, Azəbaycanın ədalətli mövqeyinin əleyhinə bir mövqe ortaya qoydu. O, Laçın sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi tələbinə qoşulur, ermənilərin bu tələbini müdafiə edir. Eyni zamanda Azərbaycanın irəli sürdüyü alternativ Ağdam-Xankəndi yolunun istifadəyə verilməsi təklifini qəbul etmir. Bütün bunlar acı təəssüf doğurur, çoxlu suallar yaradır. Niyə Avropanın bir çox siyasi liderləri, Aİ-nin siyasi rəhbərlərindən bəziləri beləcə Aİ-nin nəhəng iqtisadi maraqlarını bir kənara qoyur, amma dar erməni maraqlarına xidmət edirlər? Yəqin ki, burada qaranlıq, dumanlı məqamlar var. Hesab edirəm, Aİ-nin siyasi rəhbərliyi səviyyəsində korrupsiya və rüşvət faktlarının son zamanlar ardıcıl olaraq səslənməsi göstərir ki, biz hələ aysberqin görünən hissəsindən danışırıq...”

pravda.az

Xəbərlər