Cəmiyyət 18 Oktyabr 2022, 17:02 | Baxış sayı: 182
"Azərbaycandakı ermənilərin hamısı soyadlarını dəyişiblər"

Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycanda yaşayan ermənilərin Fransaya qarşı etiraz etməmələrinə görə səslənən iradlara münasibət bildirib.

 

R.Nurullayev Pravda.az-a müsahibəsində deyib ki, Azərbaycanda yaşayan ermənilərin statistikası dəqiq deyil.

 

“Zaman-zaman “Azərbaycanda 50 min, 30 min erməni var” məsələsi gündəmə gəlir. Təbii ki, Azərbaycanda ermənilər yaşayır, müxtəlif təşkilatlarda çalışırlar. Amma onların dəqiq sayı məlum deyil, bununla bağlı rəsmi statistika açıqlanmayıb. Bu baxımdan, göstərilən rəqəmin nə dərəcədə doğru olub-olmaması da mübahisəlidir. Onların rəsmi statiskası, ünvanı, yaşadığı yer bəllidirsə, hesab edirəm, bu məsələlərdə səfərbər edilmələri çox yaxşı hal olar. Bununla lazımi dövlət orqanları məşğul ola bilərlər. Çünki bu qədər erməni Azərbaycanda yaşayırsa, Azərbaycan torpağındadırsa, vətəndaşlıq hüquqlarından istifadə edirsə, belə halda onlara Fransaya qarşı etiraz etmələri təklif oluna bilər. Səfərbər oluna bilərlər. Ölkəmizdəki ermənilərə tövsiyə olunsun ki, onlar da Azərbaycana qarşı haqsızlıqlarda Azərbaycanı müdafiə etsinlər. Hələ ki bununla bağlı rəsmi yanaşma, statistika yoxdur. Bunun həyata necə keçirilməsi də mübahisəlidir. Konkret olaraq hansısa vətəndaşlar, təşkilatlar Azərbaycandakı erməniləri tanıyır, bilirsə, qoy onları səfərbər edib, bu məsələlərdə Azərbaycan dövlətinin yanında olmağa sövq etsinlər”, - deputat bildirib.

 

R.Nurullayev vurğulayıb ki, Azərbaycanda ermənilərin sayı ilə bağlı məsələyə aydınlıq gətirilməlidir: “Hesab edirəm, buna ehtiyac var. Həm də bu, bizə beynəlxalq danışıqlarda kömək edə bilər. Bunun üçün bir az zəhmət çəkmək lazımdır. Dövlət orqanlarımıza götəriş verilə, yaxud hər hansı ictimai təşkilata bununla bağlı imkanlar yaradıla bilər ki, onlar dövlət orqanları ilə birlikdə işləyib, ölkəmizdəki ermənilərin siyahısını hazırlasınlar, müəyyənləşdirsinlər. Biz rəsmi olaraq bilək ki, Azərbaycanda nə qədər erməni yaşayır. Bunu aydınlaşdırmaq, açıq desək, asan deyil. Çünki Azərbaycandakı ermənilərin hamısı soyadlarını dəyişiblər. Buna görə də statistikanı müəyyənləşdirmək çox çətindir. Təsəvvür edin, arxivlər açılmalıdır, nə qədər insan bunun üzərində işləməlidir, çalışmalıdır ki, neçə illərdən sonra müəyyən həqiqətləri üzə çıxara bilsinlər. Bu, çox əmək sərf edən fəaliyyətdir, amma biz bunu etməliyik”.

Xəbərlər