Cəmiyyət 24 Mart 2022, 11:58 | Baxış sayı: 163
"Azərbaycanda Rusiya məhsullarından imtina edərək müəyyən problemlər yaratmaq doğru deyil”.

“Bu gün hansısa dövlətlə qarşılıqlı əməkdaşlıq ediriksə və münasibətlər kifayət qədər yaxşıdırsa, hər şeydən ötrü həmin əlaqələri kəsməyə ehtiyac yoxdur. Münasibətlərin korlanması düşmənçiliyə səbəb ola bilər. Rusiya Azərbaycanın əməkdaşıdır və uzun illərə dayanan münasibətlərimiz var. Həmçinin unutmaq olmaz ki, Rusiyada milyonlarla soydaşımız yaşayır. Ona görə də bütün bunların fonunda Rusiyanın digər ölkə ilə daxili işinə əsaslanaraq, Azərbaycanda Rusiya məhsullarından imtina edərək müəyyən problemlər yaratmaq doğru deyil”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanın xüsusi dövlət siyasəti var və Prezident İlham Əliyev neytrallaşdırılmış və balanslaşdırılmış siyasət həyata keçirir: “Azərbaycan bütün ölkələrlə sülh və əmin-amanlıq şəraitində yaşamağa çalışır. Əlbəttə ki, biz aqressiya və təcavüzü pisləyirik, amma Rusiya ilə sağlam münasibətləri korlamamalıyıq. Şahidiyik ki, Birinci Qarabağ müharibəsində bizə qarşı yaxşı olmayan Rusiyanın münasibəti Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gücləndi. Təsadüfi deyil ki, Rusiya Ermənistanın yaxın müttəfiqi olsa da, Vətən müharibəsi dövründə Ermənistanın tərəfindən çıxış etmədi, müharibəyə qoşulmadı. Münasibətlər getdikcə yaxşılaşır. Sözsüz ki, Ukraynaya qarşı həyata keçirilən bu siyasət alqışlanmırıq, biz  ölüm, şəhərlərin dağıdılmasını, məhv edilməsini istəmirik. Lakin bu iki müstəqil dövlətin daxili işidir. Azərbaycan öz humanitar addımlarını atır, əlindən gələn köməyi əsirgəmir. İndi Rusiya məhsullarından imtina etməklə nə əldə edə bilərik?! Axı Azərbaycan da Rusiyaya külli miqdarda neft və qeyri-neft məhsulları ixrac edir. Yəni, Rusiya məhsullarından imtina edəcəyimiz halda, bunun nəticəsi bizim üçün ağır olar. Belə olan halda, Azərbaycan iqtisadiyyatı həddən artıq zəifləyə bilər. Odur ki, mən Rusiya məhsullarından imtinanın tərəfdarı deyiləm”.

Xəbərlər