"Azərbaycanda rus məktəbləri ilə bağlı ciddi islahatlara ehtiyac var".
“İnsanlar rus dilinə ölkəmizdə qayğının qabarıq şəkildə olmasından narazılıqlarını bildirir və rusdilli məktəblərin bağlanmasını tələb edirlər. Bu barədə fikrimi beş il bundan qabaq da demişəm. Ancaq bir sıra siyasi məsələlər var. Elə etmək lazımdır ki, yavaş-yavaş bu məsələ artıq həllini tapsın. Birdən-birə belə qərarlar qəbul etmək çətindir, qeyri-mümkündür. Çünki müəyyən problemlər yarada bilər. Hesab edirəm ki, Azərbaycanda rus məktəbləri ilə bağlı ciddi islahatlara ehtiyac var. Rusdilli məktəblərin olmasına etiraz etmirəm, amma o şərtlə ki, özəl olsun. Niyə ingilis, türk dilində olan məktəblər hamısı özəldir, amma rusdilli məktəblər dövlət büdcəsi hesabına maliyyələşir? Bu məktəbləri də özəl etmək lazımdır ki, kim istəyir, gedib pulunu ödəyib oxusun. Dövlət büdcəsi hesabına yalnız Azərbaycan məktəbləri olmalıdır”.
Bu sözləri Pravda.az-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Vahid Əhmədov Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı “Azərbaycanda rus dilinə göstərilən diqqəti qiymətləndiririk” fikrindən sonra yaranan müzakirələrə münasibət bildirərkən deyib.
“Lavrovun gəlişindən, ümumiyyətlə, müsbət heç nə gözləmirəm. O, Azərbaycana heç vaxt xoş məramla gəlməyib. Əsas da Azərbaycan-Ermənistan münasibətlərində, Qarabağ məsələlərinin həllində Lavrovdan müsbət addım görməmişəm. Dövlət başçısı cənab İlham Əliyevin mövqeyi bu sahədə sərtdir. Prezident üçün hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyü, xalqın müqəddəratı məsələləridir və bunu ön plana çıxarıb. Lavrovsa yəqin, hansısa məsələ üçün Bakıya gəlib, ya da Azərbaycandan nəsə xahişləri var..”, - deputat bildirib.