“Azərbaycanda İranı dəstəkləyən xeyli insan var...”
Bu fikri Qüdrət Həsənquliyevdən savayı digər insanlar da səsləndirib. Onlara haqq qazandırmamaq mümkün deyil. Çünki İran bu gün Azərbaycana qarşı misli görünməyən bir antitəbliğat aparır, Azərbaycanın vəzifəli şəxslərini təhqir edir. “Səhər” kanalında Azərbaycanla bağlı çox təhqiramiz reportajlar efirə gedir. Digər tərəfdən, İran “azərbaycanlı” da demir, “azəri” deyir. Onlar da bununla şəxsiyyətimizi alçaltmaq istəyirlər. Azəri İranda kiçik bir tayfanın addır və İranın özü bütün bu məsələlərə rəvac verir”.
Pravda.az xəbər verir ki, bu fikirləri Yenisabah.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.
O, deputat həmkarı Qüdrət Həsənquliyevin ölkənin adının “Şimali Azərbaycan” olaraq dəyişdirilməsi təklifinə münasibət bildirib:
“Azərbaycan tərəfi özünü qorumaq və İranın artan təzyiq və təbliğatına cavab vermək üçün bu cür təkliflər səsləndirir. Əgər İran bizi dövlət kimi tanımaq istəmirsə, eləcə də daim Ermənistana dəstək veribsə, o zaman başqa yolumuz yoxdur.
Ölkənin adının dəyişdirilməsinə gəlincə, təbii ki, çox şeylər deyilir, danışılır və bütün bunlar yalnız müzakirə mövzularıdır. Bunun da sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirəsinə isti yanaşıram. Hər halda bütün qərarlar deyilən kimi həmin an verilmir. Bütün bunların hamısı danışılır, deyilir və sonda qərar verilir”.
R. Nurullayevin zənnincə, əgər İran Azərbaycanla dostluq etmək istəyəcəksə, eləcə də özünü bir müsəlman dövləti kimi aparacaqsa, o zaman münasibətlər dəyişə bilər:
“Lakin bu gün hələ ki İranın münasibətində bunu görmürük, İran daim Azərbaycanı hədəfə alır, Azərbaycanı İranın coğrafi ərazisi kimi görür. Biz də özümüzü müdafiə etmək üçün bütün dünyaya səsimizi ucaltmalıyıq ki, 10 milyon Azərbaycan xalqı deyil, orada da 30-40 milyon Azərbaycan xalqı var. Onlar Cənubi, biz isə Şimali Azərbaycanda yaşayırıq. Yəni bu, coğrafi bir yanaşmadır”.
Deputatın sözlərinə görə, İran siyasəti davam edərsə, “Şimali Azərbaycan” adı qəbul oluna bilər:
“Məncə, bu, əksər insanların rəğbətini qazanan təklifdir. Ola bilsin ki, təklifi məsxərəyə qoyan insanlar İran tərəfindən öyrədilmiş adamlardır”.
Nurullayev etiraf edib ki, bu gün Azərbaycanda İran siyasətini dəstəkləyən xeyli insanlar var:
“Onlar bu gün maskalanıblar. Çox təəssüf ki, bu gün içimizdə İranı dəstəkləyən xeyli insan var. Bunu başa düşə bilmirəm. Onlara demək istərdim ki, İran Azərbaycanın torpaqları işğalda qalan zaman bir dəfə də səsini ucaltmadı. Əksinə, Ermənistanla sərhədini açdı və onların dünyaya çıxışına vəsilə oldu. Amma Türkiyə qardaşlıq göstərdi və sərhədini bağladı. Çünki Azərbaycanın ərazisinə təcavüz olunmuşdu. İran isə sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdı, dildə dedi, əməlləri tamam fərqli oldu. Bunu 44 günlük müharibədə də gördük. Belə bir vəziyyətdə biz İrana necə inana bilərik?! Bu, mümkün görünmür”.