“Azərbaycanda elektron siqaretlərin satışı qadağan olunmalıdır!”
öyük Britaniya hökuməti elektron siqaretlərin satışını qadağan edəcək. Bu, ilk belə ölkə deyil. Ümumilikdə 87 ölkədə elektron siqaretlərin satışı ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Onlar arasında ABŞ-nin bəzi ştatları, Türkiyə, Avstraliya, Fransa, Almaniya, Norveç, Kabo Verde, Laos, Nikaraqua, Vanuata da var. Maraqlıdır ki, elektron siqaretlər məhz siqareti tərgitmək üçün sağlam vasitə kimi satışa çıxarılsa da, tədqiqatların nəticələri ürəkaçan deyil. Qeyd olunur ki, bu cihazlar ürək və ağciyər problemlərini artıra bilən təhlükəli maddələr istehsal edir. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru da ölkələri elektron siqaretlərlə bağlı sərt tədbirlər görməyə çağırıb.
Bəs Azərbaycanda elektron siqaretlərin satışı qadağan edilə bilərmi?
Mövzu ilə bağlı açıqlama verən deputat Fazil Mustafa bildirib ki, elektron siqaretlər birmənalı şəkildə ölkəmizdə qadağan olunmalıdır:
“Müxtəlif adlar altında zərərləyici məmulatların vərdişə çevrilməsi təhlükəlidir. Təəssüf ki, vətəndaşlarımızda mədəni-maarif səviyyəsi çox aşağıdır. Buna görə də onlara izah etmək olmur ki, siqaretin hər növü zəhərlidir. Elektron siqaret isə daha vahiməli xəstəliklərin yaradıcısıdır və insanlar ondan uzaqlaşmalıdır. Fikrimcə, ölkəmizdə də elektron siqaretlər birmənalı şəkildə qadağan olunmalıdır”.
Millət vəkili sözügüdən təklifin bəzi insanaların xoşuna gəlməyəcəyini də vurğulayıb:
“Lakin indidən profilaktik addımlar atılmasa, gələcəkdəki yeni xəstəliklərin simptomlarının əsası indidən qoyulacaq”.
sfera.az