İqtisadiyyat 17 Yanvar 2023, 16:09 | Baxış sayı: 205
“Azərbaycanda dərman sahəsində qıtlıq və bahalaşmanın olması anlaşılandır”

“Son zamanlar apteklərə bir neçə dərmanla bağlı müraciət etmişəm, problem olmayıb. Nəzərə almaq lazımdır ki, hazırda dünyada sənaye malları, ərzaq, tekstil - hər sahədə böhran yaşanır, sıxıntılar var. Çünki dünya koronavirus pandemiyasından sonra tamamilə başqa bir mərhələyə qədəm qoyub. Üç ilə yaxın müddətdə dünya pandemiya səbəbindən tamamilə qapandı. Nəticədə fabriklər, zavodlar, əczaçılıq sənayesi bir çox hallarda tamamilə bağlandı, bəzi hallarda isə məhdudiyyətlərlə fəaliyyət göstərdi. Təbii ki, belə olan halda dünyanın tələbatını ödəyə bilmədilər. Bu saat dünya bir tərəfdən buğda, un, çörəklə, digər tərəfdən hansısa ölkələr silah qıtlığı ilə imtahana çəkilirlər. Ukrayna-Rusiya müharibəsi davam edir. Möhtərəm Prezidentimiz də açıq şəkildə dedi ki, hətta ABŞ kimi dövlətin istehsal etdiyi silahlar Ukrayna müharibəsinə çatmır…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı apteklərdə bir sıra dərmanların tapılmaması barədə yaranan narazılıqlardan danışarkən deyib.

 

Deputat bildirib ki, Azərbaycanda əczaçılıq sənayesi inkişaf etməyib: “Pambıq, yod kimi çox kiçik məhsullar hazırlanır. Bu da təbii ki, ölkədə vətəndaşların dərman tələbatlarını ödəmir. Azərbaycan da tibbi ləvazimatları, dərmanları xaricdən alır. Əsasən qardaş Türkiyədən, bir qismi Rusiya, Ukraynadan ölkəmizə idxal edilir. Avropa ölkələri, Hindistan və digər ölkələr də var. Böhran qlobal səviyyədədir. Dərman istehsal edən, əczaçılıq sənayesi olan ölkələrdə problem varsa, bu, təbii ki, Azərbaycanda da qıtlığa, bahalaşmaya səbəb olur. Həmin ölkələr gərək öz sənayelərini qaydasına salsınlar ki, bizdə də çətinlik, problem olmasın. Rusiyanın durumu göz qabağındadır. Ukrayna da həmçinin”.

 

M.İbrahimqızının sözlərinə görə, Türkiyə də bir müddət dərman qıtlığı ilə üzləşib: “Türkiyədə əczaçılıq sənayesi çox güclü inkişaf edib. Amma dərmanlara qatılan müəyyən maddələri xaricdən alırlar, bu səbəbdən Türkiyədə də bir müddət bəzi dərmanlarla bağlı çox ciddi qıtlıqla üzləşdilər. Müzakirələr oldu. Tükiyə Böyük Millət Məclisində, mətbuatda, sosial şəbəkələrdə səhiyyə naziri Fəxrəddin Qocanın açıqlamalarını gördük”.

 

Deputat bildirib ki, Azərbaycandakı dərman qıtlığı ilə bağlı TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığortanın rəsmi açıqlamalarına rast gəlməyib: “İnsanlar şikayət edirlərsə, monitorinq aparmaq lazımdır. Lakin bunu deyə bilərəm ki, dərmanlarda çox ciddi bahalaşma var. Bu isə xarici ölkələrdən qaynaqlanır. Avropada tramvayda gediş haqqı 2.5 avrodan 5 avroya qalxıb. Yəni xaricdə hər şey bahalaşıb. Ona görə Azərbaycanda da qıtlıq və bahalaşmanın olması anlaşılandır. Çox ciddi möhtəkirlər, fürsətcillər, monipulistlər var. Hər zaman fürsətdən istifadə edir, vəziyyətdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Xalqda nə problem olur-olsun, belə fürsətçilləri xalq düşündürmür. Bu məsələdə cidi narahat olmalıyıq. İnhisarçılığa qarşı mübarizə aparan müəyyən qurumlar, təşkilatlar, aidiyyəti  sturkturların işçiləri nəzaətrlərini ciddi gücləndirməlidirlər”.

Xəbərlər