"Azərbaycana qarşı savaş İranın özünün özünə qarşı savaşına çevrilə bilər"
“İranın ardıcıl olaraq Cənubi Qafqazda təhlükəsizlik adı ilə Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirməsi uzunmüddətli perspektivdə özünün strateji maraqlarına qarşı yönələ bilər”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Deputatın sözlərinə görə, hər kəsə, o cümlədən İran ordusunun az qala yarısını təşkil edən hərbçi soydaşlarımıza da aydındır ki, fars-molla rejimi qonşu ölkələrdə sərhəd dəyişikliyinə yol verməyəcəyini bəyan edəndə bu təhdidin hədəfi məhz Azərbaycandır: “İranın bu mövqeyi isə Ermənistanı müdafiə etməkdir. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanımaqla sülh müqaviləsi bağlamağa hazırdır. Bunu qəbul etməyən də Ermənistandadır. Belə olan halda İran Ordusunun Təbrizdə yerləşən hava hücumundan müdafiə sistemlərinin hədəfi Ermənistan olmalıdır. Nəyə görəsə SEPAH-a yaxının olan mərkəzlər bunun tam əksinə olaraq, Azərbaycanı hədəf göstərir. Bu isə o deməkdir ki, İran regionda sülhün, beynəlxalq hüququn deyil, Ermənistanla birlikdə yeni müharibənin tərəfdarıdır. Ancaq İran bir mühüm strateji faktoru yaddan çıxarmamalıdır ki, İran ordusu haqsız və işğalçı olan, müsəlman dindaşlarına qarşı soyqırımı törədən, İslam mədəniyyətini və dini mirasını dağıdan Ermənistana qarşı vuruşmağa daha çox hazırdır, nəinki öz dindaşı və soydaşı olan Azərbaycana qarşı. Ona görə də İran əgər ermənilər üçün Azərbaycana qarşı savaşmaq niyyətinə düşsə, bu mühüm amili nəzərdən qaçırmamalıdır”.
Hikmət Babaoğlu qeyd edib ki, bu savaş İranın özünün özünə qarşı savaşına çevrilə bilər: “Bir təbrizlli, meşkinli, urmiyalı, ərdəbilli, miynalı, sulduzlu heç vaxt Azərbaycana qarşı silah qaldırmaz. Onlar da illərdir ki, soydaşlarına, məzhəbdaşlarına qarşı görünməmiş cinayətlər törətmiş erməni-fars şovinizminə layiqli cavab vermək üçün fürsət gözləyirlər. Ona görə də cəsarəti varsa, qoy, fars-molla rejimi Azərbaycana qarşı konkret bir addım atsın. O zaman təsəvvür belə edə bilməyəcəyi nəticələrlə üzləşməli olacaq”.